Azərbaycan, Bakı, 2 may /Trend/
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət sarayında Əfqanıstan müharibəsinin bitməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirildi.
Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayon icra başçısının müavini Elnur Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı mayor Novruz Rəhimov, Əfqanıstan Veteranlar İctimai Birliyinin Qaradağ rayon filialının sədri Tanrıverdi Nəbiyev, müharibə veteranları və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbirdə Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilərək dövlət himnimiz səsləndi.
İlk öncə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı mayor Novruz Rəhimov Azərbaycan əsgərlərinin Əfqanıstan döyüşlərində böyük şücaət göstərdikləri bildirdi. Azərbaycanın Əfqanıstan veteranları Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş döyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xüsusi fəallıq göstərmiş, ilk xüsusi təyinatlı batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşdüklərini vurğuladı.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov öz növbəsində ulu öndər Heydər Əliyev xalqın tələb və istəyi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan müharibəsi veteranlarına münasibətin kökündən dəyişdiyini, məhz bu tədbirin keçirilməsinin də dövlətimizin veteranlara diqqətinin təzahürü kimi səciyyələndirdi. Azərbaycanın müharibə veteranlarının mənzil təminatına diqqət yetirən azsaylı ölkələrdən biri olduğunu qeyd edərək Əfqanıstan müharibəsi veteranlarının keçdikləri mübariz döyüş yolu ilə hər cür hörmət və ehtirama layiq olduqlarını bildirdi.
Daha sonra çıxış edən Əfqanıstan Veteranlar İctimai Birliyinin Qaradağ rayon filialının sədri Tanrıverdi Nəbiyev Əfqanıstan müharibəsində Azərbaycandan 208 nəfər həyatını itirdiyini, 7 nəfər itkin düşdüyünü, 400-dən çox insan əlil olduğunu diqqətə çatdırdı. Onlara göstərilən diqqət və qayğıya görə veteranlar adından ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdi.
Tədbirin sonunda müharibədə iştirak edən və Qaradağ rayon ərazisində yaşayan bir qrup veterana "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı"nın təqdim edilməsi mərasimi keçirildi.