Azərbaycan, Bakı, 22 may /Trend/
Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Lənkəranda olub və Lənkəran, Astara, Lerik, Yardınlı rayonlarından 30-dan çox sakini qəbul edib.
DSX-dən Trend-ə verilən məlumata görə, qəbul zamanı general-leytenent Elçin Quliyev vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinatların verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinləyib.
Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyatı struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlər hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.