Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün 40 səyyar Əmək birjası təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə birjaların sayı 2,2 dəfə çoxdur.
Bu birjalar vasitəsilə boş (vakant) iş yerlərinə göndəriş verilən vətəndaşların sayı 73,3 faiz artaraq 371 nəfər, müvəqqəti xarakterli iş yerlərinə göndərilənlərin sayı isə 20,5 dəfə artaraq 82 nəfər təşkil edib.
Həmçinin son yeddi ayda səyyar Əmək birjaları vasitəsilə ötən ilin müvafiq dövrünə nisbətən 61,4 faiz çox, yəni 134 nəfər peşə hazırlığına cəlb edilib.
Səyyar Əmək birjası müvafiq texniki avadanlıqlarla təmin edilmiş nəqliyyat vasitəsilə təşkil olunur. Müəyyən olunmuş günlərdə paytaxtın ayrı-ayrı ərazilərində fəaliyyət göstərən səyyar Əmək birjalarında müraciət edən yerli işaxtaran vətəndaşlar müəssisələrdəki boş (vakant) iş yerləri, habelə müvəqqəti xarakterli işlər barədə məlumatlandırılır.
Vətəndaşlara işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun boş iş yerlərinə yerindəcə göndərişlər verilir, lazımi hallarda onlar digər aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün qeydiyyata alınırlar.
Növbəti səyyar Əmək birjasının avqustun 15-də Bakının Nəsimi rayonu ərazisində təşkil olunması nəzərdə tutulur.