...

Dilçilik İnstitutunun direktoru: Ölkədə Azərbaycan dilinin işlənməsi səviyyəsi böyük narahatlıq doğurur

Cəmiyyət Materials 16 Oktyabr 2014 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 okttyabr /Trend, müxbir İlkin İzzət/

Ölkədə Azərbaycan dilinin işlənməsi səviyyəsi böyük narahatlıq doğurur. Trend xəbər verir ki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev mətbuat konfransında bildirib.

T.Hacıyev deyib ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı məsələdə ciddi narahatlıq olduğu üçün dövlət başçısı sərəncam verib və dövlət proqramı qəbul olunub: "Biz hələlik həmin proqramıın icrasına nəzarət edirik. Sonra təkliflərimizi hökumətə təqdim edəcəyik".

İnstitutun direktoru qeyd edib ki, orta və ali təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi qənaətbəxş səviyyədə deyil və bu sahədə qüsurlar çoxdur: "Cəmiyyətdə müxtəlif sahələrdə Azərbaycan dilinin tətbiqi ilə bağlı müşahidə etdiyimiz qüsurların ya hamısı, ya da çoxu məhz orta məktəblərdən gəlir".

O, əlavə edib ki, hazırda İnstitutda orta məktəb dərsliklərinin dili ilə bağlı monitorinq aparılır: "Dərsliklərdə çoxlu qüsurlar var. Moniorinqlər bitdikdən sonra bununla bağlı Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılacaq".

Akademikin sözlərinə görə, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul olunub. Həmin qanunda Azərbaycan dilinin korlanmasına görə müxtəlif cəzalar nəzərdə tutulur. Qanuna əsasən, bu cəzalar özəl və dövlət müəssisələrinə, o cümlədən KİV-lərə də şamil edilə bilər: "Dil hər bir xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti