...

Azərbaycanın penitensiar müəssisələrində xəstəlikdən və vərəmdən ölümlə bağlı vəziyyət açıqlanıb

Cəmiyyət Materials 29 Dekabr 2014 15:14 (UTC +04:00)
Cari ildə məhkumların və təqsirləndirilən şəxslərin keyfiyyətli tibbi xidmətlə təminatı üzrə tədbirlər davam etdirilib, penitensiar müəssisələrdə ölüm hallarının kəskin surətdə azalması müşahidə olunub.
Azərbaycanın penitensiar müəssisələrində xəstəlikdən və vərəmdən ölümlə bağlı vəziyyət açıqlanıb

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Cari ildə məhkumların və təqsirləndirilən şəxslərin keyfiyyətli tibbi xidmətlə təminatı üzrə tədbirlər davam etdirilib, penitensiar müəssisələrdə ölüm hallarının kəskin surətdə azalması müşahidə olunub. Ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm 15 dəfə, vərəmdən ölüm isə 60 dəfədən çox azalıb.

Trend xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirlikdə keçirilən kollegiya iclasında nazirliyin Tibb Baş İdarəsi tərəfindən görülmüş işlərə dair hesabatda bildirilib.

Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə ədliyyə islahatları çərçivəsində cəza-icra siyasəti xeyli humanistləşdirilib, məhkumların saxlanma şəraiti, tibb və dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olunub.

Həmçinin, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıqda penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübə əldə olunub və Azərbaycanın bu sahədə yüksək nailiyyəti dünyada təqdir olunaraq ötən il BMT-nin İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramı Səhiyyə Mükafatına layiq görülüb. Artıq 15-ə yaxın dövlətin məsul nümayəndələri müsbət təcrübəmizdən bəhrələnmək məqsədilə Bakıya səfərlər ediblər.

Kollegiyada tibb xidməti sahəsində görülmüş işlərlə yanaşı, fəaliyyətin təkmilləşdirilməsi məsələləri müzakirə olunub, o cümlədən tibbi yardım və sanitariya təminatının daha da yaxşılaşdırılması, məhkumların sağlamlığının mühafizəsi və müvafiq preventiv tədbirlərin görülməsi, tibb infrastrukturunun müasirləşdirilməsi, vakant ştat vahidlərinin komplektləşdirilməsi və s. üzrə aidiyyəti tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti