Azərbaycan, Bakı, 2 mart /Trend/
Milli Məclisin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov BMT Baş Assambleyasının "Ümumdünya QHT-lər Günü" Proqramı tərəfindən xoşməramlı səfir elan olunub. Beynəlxalq QHT sektorundakı uğurlu fəaliyyəti və fəal mövqeyinə görə deputata bu ad verilib.
Trend-in məlumatına görə, millət vəkili F.Muradov bununla bağlı bildirib ki, artıq dövlətlər, beynəlxalq institutlar QHT-lərin fəaliyyətini tanıyır və onlarla əməkdaşlığa üstünlük verirlər: "Bu, böyük ideyaların reallaşması üçün əhəmiyyətlidir. Ümumi bir məkan yaratmaq, çətinliklərin öhdəsindən gəlmək üçün ideyalar mübadiləsinə ehtiyac var. Ümid edirəm ki, Ümumdunya QHT-lər Günü xüsusi bir platformanın yaranmasına səbəb olacaq və yeni tədbirlər üçün məhsuldar nəticələr əldə olunacaq".
Qeyd edək ki, 27 fevral BMT tərəfindən Ümundunya QHT-lər Günü kimi qeyd olunur. Bu təşəbbüsə 4 il bundan əvvəl imza atılıb. İdeyanın məqsədi QHT-ləri bir yerə toplamaq və gələcəkdə imkanları genişləndirməkdir.
"UN Women Canada"nın prezidenti Almas Jivani, BMT-nin UNOPS layihələri üzrə icraçı direktor Jan Mattsson, Yeni Zelandiyanın keçmiş Baş naziri və UNDP üzrə nümayəndəsi Helen Klark, UNESCO-nun Beynəlxalq əlaqələr və ictimatiyyətlə əlaqələr departamenti direktorunun muavini Erik Falt və s. şəxslər xoşməramlı səfir elan edilib.
"Böyük İpək Yolu" BGİ 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşən 27 ölkənin gəncləri tərəfindən Bakıda təsis olunub. Təşkilatın məqsədi qədim ticarət yolu üzərində yerləşən dövlətlərdə yaşayan gənclərin humanitar və mədəni müstəvidə əməkdaşlıq platformasını yaratmaqdır.