Azərbaycan, Bakı, 31 mart/Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda təhsil alan əvvəlki illərin şagirdləri üçün eksternat imtahanları keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. İmtahanda iştirak üçün qeydiyyat aprelin 1-dən aprelin 20-dək aparılacaq.
Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 6, 7, 8 may tarixlərində 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər. İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.