Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı azalır, uzunömürlülər arasında "cavanlaşma" prosesi gedir.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Çingiz Qasımov deyib.
Alim bildirib ki, Azərbaycanda uzunömürlülərin ən çox yaşadığı bölgə olan cənub zonasında da 2014-cü il ərzində aparılan son araşdırmalar uzunömürlülərin sayının azaldığını təsdiqləyib. Yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) apardıldıqdan sonra burada 100 yaşlı yalnız bir uzunömürlünün yaşadığı müəyyənləşib.
C.Qasımov deyib ki, ölkədə yaşı 100-dən çox olan insanların sayı azalsa da, 90-94 yaşlı insanların sayı artıb: "1999-cu illə müqayisədə 2009-cu ildə aparılan sıyahıyaalınmanın nəticələrinə görə, 90-94 yaşlı insanların sayı həqiqətən də azalmışdı. Ancaq son illərdə 90-94 yaşlı insanların sayı artıb. Buna görə uzunömürlülər arasında "cavanlaşma" prosesi gedir".
Son on illiklərdə Azərbaycanda uzunömürlülərin sayının azaldığını deyən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov Trend-ə bildirib ki, Azərbaycanda həmişə uzunömürlülər olub: "Ölkədə hətta 168 il yaşamış insan da olub. Lerik rayon sakini olmuş həmin şəxs - Şirəli Müslümov 1980-ci illərdə dünyasını dəyişib".
Z.Eminov deyıb ki, lakin 1999-cu ildə aparılan əhalinin siyahıyaalınmasının nəticələrinə görə, yaşı 90-dan çox olan insanların sayı azalıb. Azərbaycanda 90-94 yaşlı insanların sayı 7125 nəfər (onun 5442-si qadındır), yaşı 100-dən çox olan insanların sayı 1664 (1141-i qadın, 223-ü kişi) nəfər olub. Uzunömürlü sakinlərin çoxu - 1354-ü kənddə, 310-u şəhərdə yaşayıb.
Əhalinin 2009-cu ildə aparılan siyahıyaalınmasının nəticələrinə görə, ölkədə 90-94 yaşlı insanların sayı azalaraq, 4363-ə enib (onun 3417-si qadındır). Ölkədə yaşı 100-dən çox olan insanların sayı 1143-ə qədər (Onların 1043-ü qadın olub) azalıb.
Qeyd edək ki, Azərbaycanın hər il açıqlanan demoqrafik göstəricilərində uzunömürlü, yəni yaşı 90-dan yüksək olan insanların sayı ayrıca qeyd edilmir. Burada yalnız yaşı 70 və yuxarı olan insanların sayı ümumi şəkildə açıqlanır. Son açıqlanan statistik göstəricilərə görə, Azərbaycanda 85 və yuxarı yaşda olanlar arasında ölüm halları 1990-cı illə (4825 nəfər) müqayisədə 2013-cü ildə (5760 nəfər) xeyli artıb.
Z.Eminov deyib ki, uzunömürlü insanların sayının azalması orta ömür müddətinin azalması, həyat şəraitinin və səviyyəsinin aşağı düşməsi, səhiyyə xidmətlərinin yarıtrmaz olması, əhalinin çox hissəsinin bu xidmətlərdən istifadə edə bilməməsi ilə əlaqədardır.
Azərbaycandakı ən yaşlı insanların adlarının "Ginnesin Rekordlar Kitabı"na daxil edilməsi məsələsinə gəldikdə, Ç.Qasımov deyib ki, Azərbaycanın ən yaşlı insanlarının dünyanın ən yaşlı insanları siyahısına daxil edilməsi gələcəkdə mümkün ola bilər.
C.Qasımovun sözlərinə görə, 1980-ci illərin sonunda Azərbaycanın ən yaşlı sakininin - kəlbəcərli, 124 yaşlı Cəfərov İlyasın adının "Ginnesin Rekordlar Kitabı"na daxil edilməsi planlaşdırılıb. Bu məqsədlə Moskvanın müvafıq qurumları ilə birgə iş də aparılıb. Lakin sonradan ermənilərin Azərbaycan ərazilərinə təcavüz etməsi bu məsələnin reallaşmasına imkan verməyib. Həmin yaşlı sakin isə köçkün kimi Bərdədə dünyasını dəyişib: "Sovetlər dövründə belə məsələlərlə biz özümüz məşğul olmurduq, Moskva bu işlə məşğul olurdu. Bu sahədə işləmədiyimizdən bizim özümüzün bununla bağlı təcrübəmiz yoxdur. Ancaq indi biz özümüz də yavaş-yavaş bu işlərə başlayırıq. Hazırda bunun üçün respublikanın rayonlarını gəzərək yaşlı sakinlərlə bağlı məlumatlar toplayırıq. O zaman kəlbəcərli sakini tapdığımız kimi, indi də yaşı çox olan insan tapsaq, onun yaş verifikasiyasını (yaşın dəqiqləşdirilməsi) apardıqdan sonra yaşının yüksək olması təsdiqlənərsə, onda həmin sakininin də adının Ginnesin rekordlar kitabına salınması üçün işlərə əlbəttə ki, başlanılacaq".
C.Qasımov deyib ki, "Ginnesin Rekordlar Kitabı"na salına bilən Azərbaycan sakininin mütləq yaş verifikasiyası aparılmalıdır. Çünki bəzən KİV-lərdə Azərbaycanın hansısa sakininin yaşının 100-dən çox olması barədə məlumatlar verilsə də, bunların əksəriyyəti düzgün olmur: "Yaşlı insanların çoxunun sənədlərdə yaşı düzgün göstərilməyib. Ona görə də görürsən ki, sənəddəki təvəllüdə əsasən, yaş 120 olsa da, verifikasiya aparıldıqda yaşın 96 olduğu məlum olur".
İnstitut rəsmisinin sözlərinə görə, Azərbaycanda uzunömürlü insanların dəqiq sayı bəlli deyil. Amma araşdırmaların nəticələrinə görə, uzunömürlülər ölkənin cənub bölgəsində daha çox yaşayırlar. Onların da əksəriyyəti qadınlardır. Qadınların ömürlərinin uzun olması onların fizioloji quruluşları, emosional, gərgin vəziyyətdə çox olmaması və s. ilə izah edilə bilər.