...

ADA Universiteti SAP Universiteti Alyansının üzvü oldu

Cəmiyyət Materials 10 Aprel 2015 15:43 (UTC +04:00)
Bu gün ADA Universitetində universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu və "SAP Biznes One" komandası ilə əməkdaşlıq çərçivəsində “Kiçik və orta biznes üçün həllər” mövzusunda konfrans keçirilib.
ADA Universiteti SAP Universiteti Alyansının üzvü oldu

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bu gün ADA Universitetində universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu və "SAP Biznes One" komandası ilə əməkdaşlıq çərçivəsində "Kiçik və orta biznes üçün həllər" mövzusunda konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə ADA Universiteti İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı dr. Muhammadu Kah, ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru dr. Emin Hüseynov, SAP-nin MDB ölkələri üzrə qlobal əməkdaşlıq rəhbəri İlya Yuriyev, SAP-nin baş vitse-prezidenti Luis Murquia, ADA Universitetinin informasiya məsələləri üzrə rəhbəri Rahid Ələkbərli və digər qonaqlar çıxış ediblər.

Tədbirdə Azərbaycanın SAP üçün strateji əməkdaş rolunu oynaması, kiçik və orta biznes üçün texnoloji yeniliklərdən faydalanma yolları, istehsalat, turizm və ticarət sahələri üçün biznes həlləri və s. kimi mövzularda çıxışlar olub, tədbir iştirakçıları təmsil etdikləri təşkilatlar üçün "SAP Business One" məhsulu əsasında yaradılmış ilk milli biznes həllinin üstünlüklərini aşkar etmək fürsəti də əldə ediblər.​ Ən yeni bulud texnologiyaları əsasında işləyən yeni həll kiçik və orta biznes üçün sərfəli şərtlərlə olmaqla yanaşı, elektron hökumət, elektron ticarətin inkişafına dəstək verəcək. İstehsalat, turizm, ticarət və digər sektorlar üzrə fəaliyyət göstərən müəssisələrin daxili proseslərinin avtomatlaşdırılması, hökumət-biznes əlaqələrinin inkişaf etdirilməsi kimi funksiyalar və perspektiv imkanlar yaradacaq. Bulud texnologiyalarından istifadə etməklə xidmətlərin təşkili üçün SAP şirkəti və "BUZ Konsaltinq" MMC arasında saziş də imzalanıb.

Qeyd edək ki, tədbir çərçivəsində ADA Universiteti və SAP arasında anlaşma memorandumu imzalanıb və ADA Universiteti SAP Universiteti Alyansının üzvü olub, universitetin İT və Mühəndislik İnstitutunda regionun ilk Kompitensiya Mərkəzinin yaradılmasına dair razılıq əldə olunub.

ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitunun dekanı dr. M.Kah bildirib: "Bu əməkdaşlıq və ADA Universitetində yaradılan Kompitensiya Mərkəzinin köməyi ilə ADA Universiteti istər özəl, istərsə də dövlət sektoru üçün çox əhəmiyyətli olan bacarıqlı insan kapitalının formalaşdırılmasına öz töhfəsini verəcək. Belə ki, SAP Universiteti ilə əməkdaşlıq etməklə SAP-nin yeni texnologiya və biznes əməliyyatları, o cümlədən onların zəngin təcrübələrini Azərbaycan və regionun digər ölkələrinin inkişafına sərf etmək mümkün olacaq".

Xatırladaq ki, ADA Universiteti SAP həllərindən istifadə sahəsində geniş təcrübəyə malikdir. Belə ki, universitet artıq büdcə planlaması, maliyyə əməliyyatlarının aparılması, analitik hesabatlar, iş proseslərinin avtomatlaşdırılmasını həyata keçirmək üçün bu sistemdən istifadə edir.

R.Ələkbərli qeyd edib: "Bu gün ADA Universiteti özünün yüksək informasiya sistemləri, informasiya texnologiyaları infrastrukturu, ağıllı kampus texnologiyası, SAP ilə əməkdaşlıq, biznes yanaşmasında qlobal tendensiyalardan istifadə etməklə ölkəyə böyük yeniliklər gətirib. Məqsədimiz hər iki tərəf üçün qarşılıqlı şəkildə faydalı olacaq uzunmüddətli əməkdaşlıq qurmaq və ölkənin inkişafına töhfə verməkdir. Elektron ticarət, biznes-hökumət münasibətlərinin inkişafı və elektron hökumət xidmətlərinin genişləndirilməsinə dəstək, güclü mütəxəssislərin hazırlanması və ən yeni bulud texnologiyalarının ölkəyə gətirilməsi ilə ADA Universiteti daha bir yeniliyə imza atdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti