...

Mədəniyyət və Turizm Nazirliyi: "Azərbaycanın xidmət sektorunda lazımi nəticənin əldə olunması üçün..."

Cəmiyyət Materials 13 Aprel 2015 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

"Mehmanxanalarda xidmət səviyyəsinin tam qaneedici olmadığı heç kimə sirr deyil. Azərbaycanda turizm yeni inkişaf edən bir sektordur və xidmət sektorunda lazımi nəticənin əldə olunması üçün zaman lazımdır".

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev təlim-tədris kurslarının dinləyicilərinə sertifikatların təqdim olunması mərasimində çıxış edərkən deyib.

A.İsmiyev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində 2003-cü ildən mehmanxana işçiləri üçün kurslar təşkil olunur. Bu vaxta qədər 2 min nəfərə yaxın mehmanxana əməkdaşı kursların iştirakçısı olub.

Nazirliyin Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov bildirib ki, kurslarda paytaxtda fəaliyyət göstərən mehmanxanaların 100-dən artıq əməkdaşı iştirak edib. Beş sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edib: "İki ölkə nazirliklərinin əməkdaşlığı çərçivəsində 10 ildən çoxdur ki, respublikanın turizm potensiallı şəhər və rayonlarındakı mehmanxanalarda və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi olaraq ildə bir neçə dəfə bu tipli kurslar təşkil edilir. Budəfəki kurslar, həmçinin ölkəmizdə iyun ayında keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı təşkil edilib".

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin kənd və hotellər xidməti üzrə direktoru Donna Teylor qeyd edib ki, dünyada az sayda ölkə belə böyük miqyaslı idman tədbirinə ev sahibliyi etmək imkanı əldə edir: "Avropa Oyunlarının Bakıda keçirilməsinin ən böyük üstünlüyü bu yarışların ilk dəfə burada reallaşmasıdır. Bu səbəbdən də biz çox həyəcanlıyıq. İstəyirik ki, hər şey yüksək səviyyədə olsun".

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Mehmet Yaşar qeyd edib ki, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları beynəlxalq səviyyəli tədbirdir və Azərbaycan bu çətin, məsuliyyətli tədbirin öhdəsindən gələcək: "Bunun üçün də hər kəs əlindən gələn köməyi etməlidir. Bu günə qədər Azərbaycanın və Türkiyənin nazirlikləri turizm sahəsində bir çox layihələr həyata keçiriblər. Onların arasında ən uzunmüddətlisi və yüksək nəticələr əldə olunan layihə mehmanxana əməkdaşları üçün təşkil edilən kurslardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti