...

Xəzər Strateji İnstitutu nümayəndələri Bakı Ali Neft Məktəbində olublar

Cəmiyyət Materials 15 Aprel 2015 11:04 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinə (BANM) Xəzər Strateji İnstitutunun nümayəndə heyəti səfər edib.
Xəzər Strateji İnstitutu nümayəndələri Bakı Ali Neft Məktəbində olublar

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Xəzər Strateji İnstitutunun (HASEN) nümayəndə heyəti Bakı Ali Neft Məktəbinə (BANM) səfər edib. BANM-nin mətbaut xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı, İstanbul Universitetinin tədris üzrə nümayəndəsi, HASEN Ali Məşvərət Şurasının üzvü, professor Deniz Ülke Arıboğan, İstanbul Avrasiya İnstitutunun rəhbəri, HASEN Bilim ve Uzmanlar Şurasının rəhbəri Bekir Günay, HASEN-in Baş katibi Haldun Yavaş, HASEN-in strateji və siyasi məsələlər üzrə koordinatoru Əfqan Niftiyev, HASEN-in tədris işləri üzrə koordinatoru Emin Axunzadə, tədqiqatçı Seda Birol BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə görüş keçiriblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışan rektor E.Qasımov Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən söz açıb.

Xəzər Strateji İnstitutunun Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı yenidən Azərbaycana gəlişindən və BANM-də qonaq olmasından məmnunluğunu ifadə edib. H.Akıncı təmsil etdiyi İnstitutun başlıca məqsədinın Xəzər regionu ilə bağlı müstəqil araşdırma və tədqiqatların aparılması, həmçinin strateji və yeni təkliflərin irəli sürülməsi olduğunu bildirib. O, institutun fəaliyyəti və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Görüşdə ikitərəfli əməkdaşlıq imkanları, Xəzər Strateji İnstitutunun nəşr etdiyi müxtəlif tədqiqat materialları, həmçinin gələcəkdə seminar, təlim və praktik kursların təşkil edilməsi barədə müzakirələr aparılıb.

Sonda qonaqlar professor-müəlim heyəti və tələbələrin suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti