...

Azərbaycanda hansı telekanalın dili daha çox bəyənildi?

Cəmiyyət Materials 17 Aprel 2015 12:50 (UTC +04:00)
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının tələblərinə uyğun olaraq yanvar-aprel aylarında telekanallarda apardığı monitorinqin nəticələrini açıqlayıb.
Azərbaycanda hansı telekanalın dili daha çox bəyənildi?

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının tələblərinə uyğun olaraq yanvar-aprel aylarında telekanallarda apardığı monitorinqin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, institutun direktoru, akademik Tofiq Hacıyev monitorinqin nəticələri ilə əlaqədar keçirdikləri mətbuat konfransında bildirib ki, ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, Space TV, Lider TV və Xəzər TV) xəbər və xəbərdən törəmə proqramların dili araşdırılıb, bu proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib. Radioların dilinin televiziyaların dilindən daha yaxsı olması qənaətində olan T.Hacıyev deyib ki, televiziyalarda yerli-yersiz alınma, başa düşülməyən sözlərdən istifadə edilir: "Bəzi sözlərin Azərbaycan dilində qarşılığı olsa da, daha çox alınma sözlərə üstünlük verilir. Məsələn, dilimizdə razılaşma sözü olsa da, konsersium sözü işlədilir".

T.Hacıyev apardıqları monitorinqlərin dilin inkişafına müsbət təsir göstərdiyini də söyləyib.

İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrup rəhbəri Şahlar Məmmədli bildirib ki, monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyələri üzrə 145 səciyyəvi nümunə tədqiqata cəlb edilib: "Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41- i isə qrammatik normaya aid dil qüsurlarıdır. Araşdırma zamanı 20 % fonetik, 24 % leksik, 27 % üslubi, 22 % morfoloji və 7 % sintaktik norma pozuntusu məlum olub. Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normalarının pozulma hallarını əks etdirən dil faktlarından 15 %-i İctimai TV-də, 14 %-i ATV-də, 15 %-i ANS TV-də, 18 %-i Xəzər TV-də, 17 %-i Space TV-də, 21 %-i isə Lider TV-də müşahidə edilib. Buna baxmayaraq dil səviyyələri üzrə fərqli nəticələr üzə çıxıb".

Ş.Məmmədli deyib ki, fonetik normanın tələblərinə ən çox İctimai TV, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox Xəzər TV-də müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti