Azərbaycan, Bakı, 20 aprel /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) əməkdaşları Böyükşor parkında ağacəkmə aksiyası keçiriblər.
İSN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 18-də nazirliyin və "Təmiz Şəhər" ASC-nin əməkdaşları tezliklə istifadəyə veriləcək Böyükşor bulvarında və parkında aparılan abadlıq və yaşıllaşdırma işlərinə dəstək göstərmək məqsədilə ağacəkmə aksiyası keçiriblər. Aksiya zamanı ərazidə xeyli sayda ağac və kol bitkiləri əkilib.
Ümumilikdə, 15 hektara yaxın ərazisi olan Böyükşor bulvarında və parkında 80 min ağac və kolun əkilməsi nəzərdə tutulur. Artıq həmin bitkilərin böyük hissəsi əkilib. May ayında hazır olacaq Böyükşor parkı və bulvarının istifadəyə verilməsindən sonra Bakı sakinləri və şəhərimizin qonaqları asudə vaxtlarını burada səmərəli keçirə biləcəklər.
Böyükşor gölündə aparılan kompleks bərpa işləri nəticəsində su hövzəsində və sahilində müsbət dəyişikliklər davam edir və uzun zamandan sonra ərazidə çoxlu sayda müxtəlif quşlar müşahidə olunur. Gölün ətrafında canlı aləmin bərpası üçün ağacəkmə aksiyası zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşları ağaclardan çoxlu sayda quş yuvaları asıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" 26 dekabr 2013-cü il tarixli Fərmanı ilə Böyükşor gölünün və onun mühafizə zonasının istifadəsi və mühafizəsi sahəsində idarəetmə, habelə qorunub saxlanılmasına nəzarətin həyata keçirilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilmişdir. Fərmanda nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "Təmiz Şəhər" ASC-yə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Böyükşor gölünün kompleks bərpası iki mərhələdə həyata keçirilir. Birinci mərhələ bu ilin may ayınadək başa çatdırılacaq. Artıq gölü iki mərhələyə bölən və 8 xətli yolun özülü olan bənd inşa edilib, su mübadiləsi sistemi yaradılıb, xüsusi hidrotexniki qurğular quraşdırılıb, bütün mülki tikinti işləri yekunlaşıb. Layihə ərazisindəki su hövzəsinin dibinin təmizlənməsi işləri yekunlaşır, abadlıq və landşaft işlərinin son mərhələsi icra olunur. Layihənin növbəti mərhələsində isə gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.