Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlkin İzzət/
"Qadınlar sülh yaradıcılarıdır. Dünyada aparılan sülh danışıqlarında qadınların yeri görünür. Liviya və Suriyaya dair danışıqların 90 faizini kişilər aparır. Amma bu məsələlərdə qadınların payı və rolu artmalıdır".
Trend xəbər verir ki, bunu Liviyanın Avropa İttifaqındakı nümayəndəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü səfir Fəridə Allaqhi bu gün III Qlobal Bakı Forumunda qadınların sülhün qorunmasında roluna həsr olunmuş paneldə moderator qismində çıxış edərkən deyib.
Nizami Gəncəvinin müsəlman kişisi kimi qadına, qadınların cəmiyyətdə roluna böyük qiymət verdiyini deyən F.Allaqhinin fikrincə, hazıda dünyada baş verən münaqişələrin qadınlara təsiri çox pisdir: "Münaqişə bölgələrində qadınlar və uşaqlar ölür. Hər gün qadınlar və uşaqlar Aralıq dənizində boğulurlar. Bu çox pisdir. Qadınlara qarşı zorakılıq, cinsi zorakılığa məruz qalırlar".
O, qadınların dövlət idarəçiliyində, o cümlədən ictimai fəallığının artmasının tərəfdarı olduğunu bildirib: "Dünyada bir neçə ölkədə qadınlar müdafiə nazirliyində, maliyyə qurumlarında fəaliyyət göstərirlər. Amma onların sayı çox azdır. Mən 42 il Liviyada Qəddafiyə qarşı müxalifətdə olmuşam. 42 ilimi siyasi fəaliyyətə həsr etmişəm, BMT, BVF, DB ilə əməkdaşlıq etmişəm; yüz minlərlə, milyonlarla dollar sərf olunub ki, qadınların cəmiyyətdə səlahiyyətləri arıtırılsın. Mən ərəbəm, müsəlmanam, xanımam, nənəyəm, korrupsiyaya, diktaturaya qarşı mübarizə aparıram. Qadınlar üçün yüzlərlə qətnamə yazılır. Onlar mənasızdır. Siyasi sahədə üstünlük yenə də kişilərə aiddir. Biz demirik ki, bunu kişilərin əlindən almaq lazımdır. Lakin qadınların rolu və iştirakçılıq sayı artırılmalıdır".
Serbiya parlamentinin üzvü Dubravka Filipovski isə qeyd edib ki, qadınların sülh proseslərində iştirakı üçün kvotalar tətbiq olunmalıdır: "Münaqişələrin qeyri-zorakı yollarla həllində qadınların rolu artırılmalıdır. Bu məsələyə nüfuzlu qadınların cəlb olunması üçün işlər görülməlidir".
Dünyanın çox çətin vəziyyətdə olduğunu bildirən Çexiya parlamentinin vitse-spikeri Yaroslava Yermanovanın fikrincə, mövcud münaqişələri həll etmək lazımdır. Onun fikrincə, ümumiyyətlə, qadınların cəmyyətdə ictimai-siyasi fəallığı artmalıdır. O, həmçinin siyasətdə qadın emosiyalarının tərəfdarı olduğunu əlavə edib.