...

Ankarada "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2015 13:10 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində mayın 6-da Ankarada fəaliyyət göstərən Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda konfrans keçirilib.
Ankarada "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində mayın 6-da Ankarada fəaliyyət göstərən Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda konfrans keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, sabiq nazirlər, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun müəllim və tələbə kollektivi, elm adamları, ictimai xadimlər, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çox sayda diaspor və KİV nümayəndələri iştirak ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb.

Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən müfəssəl sənədli filmin nümayişinin ardından "Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı " mövzusunda olan konfrans öz işinə başlayıb. Səfir Faiq Bağırov, TODAİE-nin baş direktoru Prof. Dr. Onur Ender Aslan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun dosenti Erkan Tural və doktorantı Elnur Əliyev çıxış ediblər.

Səfir F.Bağırov çıxışında ulu öndərin Azərbaycanın müstəqilliyini yenidən əldə etməsindən sonra xalqımıza etdiyi əvəzsiz xidmətlərdən, Azərbaycanın bir dövlət kimi formalaşaraq inkişaf yoluna qədəm qoymasında Heydər Əliyev dühasının rasional strategiyasından, ölkəmizin xarici siyasətində Türkiyənin müstəsna yerindən və Heydər Əliyevin iki ölkə münasibətlərinin inkişafına etdiyi xidmətlərdən əsaslı və geniş şəkildə bəhs edib.

Sonra səfir F.Bağırov "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda olan konfransın məruzəçilərinə Səfirliyimizin Ümummilli Liderimizin adına hazırlatdığı hədiyyələri təqdim edib.

Tədbirdə Azərbaycan mahnılarından ibarət musiqi proqramı nümayiş etdirilib, ümummilli lider Heydər Əliyevin həyatını və Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən foto nümunələrindən qurulmuş sərginin açılışı həyata keçirilib.

Qeyd etmək istərdik ki, tədbir zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, TR Baş nazirinin müavini Numan Kurtulmuş, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Mədəniyyət və turizm naziri Ömər Çəlik, Təhsil naziri Nabi Avcı, Ankara şəhərinin icra hakimiyyətinin başçısı Mehmet Kılıçlar və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin mötəbər tədbirə ünvanladıqları mesajları oxunub.

Bundan başqa, ümummilli lider Heydər Əliyevin doğumunun 92-ci ildönümü münasibətilə Səfirliyin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində mayın 7-də Ankarada yerləşən möhtəşəm Heydər Əliyev Parkında böyük bir xatirə tədbiri həyata keçirilib.

Tədbirdə Səfirliyin əməkdaşları, Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, çox sayda ictimai xadim, Ankara ictimaiyyətinin nümayəndələri, Ankarada təhsil alan tələbə və müdavimlər, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin heykəli önünə çiçəklər qoyub. Sonra tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından iki qardaş ölkə himnlərinin səsləndirilməsi ilə başlayıb. Səfir F.Bağırov, Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengezer, tələbə və müdavimlər, həmyerlimiz Səid Rüstəm ulu öndərlə bağlı xoş fikirlərini çıxışlarında dilə gətiriblər.

Səfir F.Bağırov çıxışında ulu öndərin ölkəmizə əvəzsiz xidmətlərindən, təhsilə və gənclərə verdiyi böyük əhəmiyyətdən və iki qardaş ölkə arasında əlaqələrin inkişafındakı müstəsna rolu ilə bağlı geniş şəkildə fikirlər səsləndirib.

Sonra ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa ve şer müsabiqəsinin qaliblərinə Səfir F.Bağırov tərəfindən hədiyyələr təqdim olunub.

Sonda Heydər Əliyev Məktəbinin şagirdləri Azərbaycan musiqiləri ilə gözəl rəqslər nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti