Azərbaycan, Bakı, 1 iyun /Trend/
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbirlər keçirilib. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirlər zamanı bildirilib ki, BMT Baş Assambleyasının müvafiq qərarına əsasən, bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu ilin Azərbaycanda "Uşaq ili" elan edilməsi respublikamızda uşaqlarla bağlı dövlət siyasətinin güclənməsinə, uşaqlara dövlət qayğısının artmasına imkan yaradıb. Bu gün Azərbaycan uşaqlarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən hüquqlar sisteminə malikdir.
Tədbirlərdə uşaqlarla bağlı həyata keçirilən sosial təminat sistemindən, ayrı-ayrı kateqoriyalardan olan uşaqların aylıq və birdəfəlik sosial müavinətlə təmin olunmasından söz açılıb. Sosial xidmət müəssisələrində yaşayan uşaqların hərtərəfli qayğı ilə təmin olunması yönündə görülən mühüm işlər qeyd olunub. Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində uşaqlar üçün müasir tələblər səviyyəsində şəraitin yaradılmasında Heydər Əliyev Fondunun dəstəyi vurğulanıb.
Sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması istiqamətində görülən işlərə də toxunulub. Qeyd olunub ki, təkcə cari ilin ilk rübündə ƏƏSMN-in sosial xidmət müəssisələrindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çox, yəni 29 nəfərin ailələrinə qayıtmaları təmin edilib.
Bayram tədbirlərində uşaqlara müxtəlif hədiyyələr verilib, sağlamlıq imkanları məhdud uşaqların ifasında mahnı və şerlər səslənib. İncəsənət ustalarının iştirakı ilə uşaqlar üçün musiqili-əyləncəli proqramlar təqdim olunub.