Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/
"Bu il Azərbaycanın regionlarındakı turizm obyektlərində qiymət artımının olacağı gözlənilmir".
Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.
Şöbə müdiri bildirib ki, yay turizm mövsümünün başlanması ilə əlaqədar iyul ayının ilk günlərindən etibarən mövsüm müddətində regionlarda mehmanxanaların hazırlığı və turistlərə xidmət səviyyəsinin öyrənilməsi məqsədilə müvafiq qurumlarla birlikdə monitorinqlər aparacaq.
Azərbaycanda turizm obyektlərində qiymətlərin digər ölkələrlə müqayisədə yüksək olması ilə bağlı məsələyə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, onlar bu məsələyə birbaşa müdaxilə edə bilmirlər: "Qiyməti bazar formalaşdırır. Hər hansı dövlət qurumu və ya təşkilat bu qiymətləri formalaşdıra, qiymətə birbaşa müdaxilə və ya hər hansı nəzarət həyata keçirə bilməz. Lakin turizm obyektlərinin rəhbərlərinə müəyyən tövsiyələr verilir. Diqqətlə baxsaq, görərik ki, ötən 5 illə müqayisədə müəyyən fərqlər var. Ötən illə müqayisədə bu il hər hansı qiymət artımının olacağını düşünmürük. Biz ötən illərdə də belə bir tendensiya müşahidə etməmişik. Artıq menecerlər dərk edir ki, yalnız gecələmək üçün yataq yerini turistə satmaqla uğur əldə etmək olmur və rəqabətdə uduzurlar. Ona görə də qiymətlərə gündə 3 dəfə yemək və ya əlavə xidmət növləri daxil edilir. Bu da turizmin inkişafında öz müsbət təsirini göstərir".
V.Şıxəmməddov nazirlik adından turist səfərlərinə gedən vətəndaşlara mütləq müqavilə bağlamağı tövsiyə edib: "İnsanlarımız istər bölgələrimizə, istərsə də xarici ölkələrə turist kimi səfər edən zaman turizm şirkətlərinin fəaliyyətindən istifadə edəndə mütləq müqavilə bağlasınlar ki, onlara müqavilə əsasında xidmət göstərilsin və getdikləri yerdə həmin xidmətlər həyata keçirilsin".