...

Azərbaycanda bəbirlərlə bağlı yeni karantin mərkəzi tikiləcək (FOTO,VİDEO)

Cəmiyyət Materials 13 Oktyabr 2015 12:37 (UTC +04:00)
IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi Azərbaycanın, həmçinin Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi, eləcə də bu gün zövq aldığımız təbiət gözəlliklərinin gələcək nəsillərə ötürülməsinə xüsusi həssaslıqla yanaşır.
Azərbaycanda bəbirlərlə bağlı yeni karantin mərkəzi tikiləcək (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, Azər Niftiyev/

IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi Azərbaycanın, həmçinin Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi, eləcə də bu gün zövq aldığımız təbiət gözəlliklərinin gələcək nəsillərə ötürülməsinə xüsusi həssaslıqla yanaşır.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə regionumuzda nəsli kəsilməkdə olan 5 heyvan növü müəyyənləşdirilərək, Qafqazın "Böyük Beşliyi" (qonur ayı, imperial qartal, boz canavar, ceyran və Qafqaz bəbiri) konsepsiyası tərtib edilib.

Həmin dövrdən etibarən, IDEA İctimai Birliyi təhlükə altında olan fauna növlərimizin mühafizəsi və artırılması istiqamətində tədbirlərə başlayıb.

Həmçinin, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisinin mütəxəssislərindən ibarət işçi qrup təsis edilib. İşçi Qrup tərəfindən London Zoologiya Cəmiyyətinin (ZSL) hesabatı əsasında "Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi" layihəsi üzrə Fəaliyyət Planı və müvafiq yol xəritəsi tərtib edilib. Layihə çərçivəsində bəbirlərin artırılması və təbiətə buraxılması üçün karantin mərkəzin tikintisi nəzərdə tutulur. Hazırda, layihənin icra olunacağı mümkün ərazilərin beynəlxalq mütəxəssislər tərəfindən təhlili həyata keçirilir. Layihənin tam şəkildə icrasına gələn il ərzində başlanılması nəzərdə tutulub.

Qeyd edək ki, bəbirlərin mühafizəsi çərçivəsində IDEA İctimai Birliyi, beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə hər il ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər, o cümlədən məktəblilər üçün yay düşərgələri, tələbələr üçün elmi seminar və praktiki məşğələlər, gənclər üçün müsabiqələr və s. təşkil edir. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin Qafqaz bəbirlərinə diqqətini artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq, Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit (Caucasus Cat Summit) təşkil edilmişdi. Qafqaz bəbirlərinə həsr olunmuş Sammitdə dünyanın qabaqcıl pişik mühafizəsi mütəxəssisləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Pantera təşkilatı, Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri və Azərbaycandan olan alimlər Sammitdə iştirak etmişdi. Sammit çərçivəsində mütəxəssislər və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri mühazirələrlə çıxış etmiş və müzakirələr aparmışdı.

Sammit Qafqaz bəbirlərinin mühafizəsi istiqamətində ilk əlamətdar addım və başlanğıc nöqtəsi olub. Sammitin davamı olaraq, London Zoologiya Cəmiyyəti (ZSL) tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsi və populyasiyasının artırılması üzrə hesabat hazırlanmış və bu istiqamətdə bir sıra dəyərli tövsiyələr əks olunub.

IDEA İctimai Birliyi regionun təhlükə altında olan heyvan növlərinin mühafizəsi ilə yanaşı, Böyük Qafqazın yerli heyvan növü olan və təqribən 100 il əvvəl məhv olmuş zubrun yenidən təbiətə inteqrasiyasını planlaşdırır. Bununla yanaşı, IDEA İctimai Birliyi Dünya Təbiət Fondu və Ekologiya və Təbiət Sərvətlər Nazirliyi ilə birlikdə bizonların re-introduksiyası üzrə Fəaliyyət Planı tərtib edib. Beynəlxalq mütəxəssislərin rəyinə uyğun olaraq, Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisi layihənin icrası üçün məqsədəuyğun hesab edilib. Zəruri texniki məsələlərin həlli tamamlandıqdan sonra, bu ilin sonunda ərazidə karantin volyerlərinin tikintisi həyata keçiriləcək. Layihə çərçivəsində qeyd olunan ərazidə bizonların artırılması Mərkəzi yaradılacaq. Mərkəzdə karantin dövrünü keçirən bizonlar sonradan təbiətə buraxılacaq. Layihənin uğurunu təmin etmək üçün bu sahədə böyük təcrübəyə malik Amerika Çöllük Assosiasiyası (American prairie Association) ilə mütəmadi olaraq, məsləhətləşmələr aparılır.

Həmçinin IDEA-nın əlamətdar layihələrindən olan "Ceyranların Qafqazdakı tarixi yerlərinə reintroduksiyası" çərçivəsində 150 ceyran Azərbaycan və Gürcüstan ərazilərində öz tarixi yaşayış məskənlərinə buraxılıb. Qeyd edək ki, bu layihə 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb, IDEA təsis olunduqdan sonra isə İctimai Birlik tərəfindən uğurla davam etdirilib.

Layihənin məqsədi regionda ceyranların sayının artırılması və onların əvvəllər məskunlaşdığı, lakin müəyyən səbəblərdən tərk etdikləri ərazilərə reintroduksiyasıdır. IDEA İctimai Birliyi və onun layihə tərəfdaşları olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) təbiətə buraxılan ceyranların uyğunlaşma prosesini mütəmadi nəzarətdə saxlayır. Son monitorinqlərə əsasən ceyranların həm Azərbaycan, həm də Gürcüstanda, eləcə də iki ölkə arasında yerləşən təbii dəhlizə uyğunlaşması müşahidə olunur.

Xatırladaq ki, dünən Astara rayonu ərazisində ovlanan bəbirin dərisini satmağa çalışan rayon sakinləri 22.10.1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu və 01.01.1995-ci il təvəllüdlü Fərəcov Səməd Yaqub oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, Natiq Böyükağazadə ilkin ifadəsi zamanı bu ilin avqust ayında Astara rayonu dağ-meşə massivində mühafizə olunan ərazidə vəhşi bəbir ovladığını etiraf edib. N.Böyükağazadə bəbiri ovladıqdan sonra dərisini satmaq məqsədilə soyaraq uyğun müştəri axtarıb. Qohumu Fərəcov Səməd Yaqub oğlu ilə Astara rayonu Çükəz kəndi ərazisində bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb.

(Materiala Azərbaycanda İDEA və WWF-in quraşdırdığı müşahidə kameralarına düşən bəbirlərin fotolari yerləşdirilib)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti