Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/
"Azərbaycanlı tələbələrin dünyanın digər ölkələrindən olan tələbələrlə birlikdə Təbriz Tibb Universitetində təhsil almasında maraqlıyıq". Bunu Trend-ə açıqlamasında Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi deyib.
M.H.Somi bildirib ki, Təbriz Tibb Universiteti hazırda beynəlxalq səviyyəli bir universitetdir və dünyanın 11 ölkəsindən, o cümlədən Azərbaycandan tələbələr bu universitetdə təhsil alır: "Azərbaycanlı tələbələrin sayı Təbriz Tibb Universitetində azdır və biz çox istərdik ki, qonşu və qardaş ölkə Azərbaycandan olan tələbələr bizim universitetdə təhsil alsın. Azərbaycanlı tələbələrin universitetdə təhsili üçün hər cür şərait yaradılacaq. Onlar bir il Azərbaycan dilində təhsil alacaqlar, bu müddətdə fars dilini də öyrənəcəklər və daha sonra təhsillərini davam etdirəcəklər".
Rektor hazırda universitetdə 2000 tələbənin təhsil aldığını, onlardan 30 nəfərin xarici ölkə vətəndaşı olduğunu bildirib: "İranın Şərqi Azərbaycan əyaləti Azərbaycana yaxındır və bu, tələbələrin Təbriz Tibb Universitetində təhsilini daha da asanlaşdırır. Bundan başqa, xarici tələbələr, xüsusilə azərbaycanlı tələbələr Təbriz Tibb Universitetində illik təhsil haqqını bəzi iranlı tələbələrdən də az ödəyə bilərlər və biz çalışacağıq ki, dəstək məqsədiə gələcəkdə azərbaycanlı tələbələrə təqaüd də verək".