Bakı. Trend:
Yanvarın 13-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabunçu rayonunun Nardaran qəsəbəsində olub, qəsəbənin "Rəhimə xanım" ziyarətgahında bir qrup dindar və ağsaqqallarla görüşüblər.
Trend-in Dövlət Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də iştirak etdiyi görüşdə qəsəbədəki məscidlərdə dini fəaliyyətin təşkili və dini icmanın yaradılması istiqamətində məsələlər müzakirə olunub.
Görüşdə bildirilib ki, Nardaran qəsəbəsinin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli Prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir və aidiyyəti qurumlar bu istiqamətdə bütün lazımi tədbirləri görürlər. Eyni zamanda qeyd edilib ki, respublikanın bütün bölgələrindəki məscidlər kimi, Nardarandakı məscidlər də qanun çərçivəsində fəaliyyət göstərməlidir. Bunun üçün qəsəbədə dini icmanın yaradılmasına və məscidlərin fəaliyyətinə, eləcə də dini maarifçilik işinin aparılmasına hər cür kömək göstəriləcək.
Nardarandakı məscidlərin qanun çərçivəsində fəaliyyət göstərməsinə tərəfdar olduqlarını deyən qəsəbədəki Cümə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Musa Qasımov və digər ağsaqqallar bu məqsədlə əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, dini icmanın yaradılması işinə artıq başlanılıb.
Görüşdə dini icmanın yaradılması prosesinin qısa vaxtda başa çatdırılması, dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunması və növbəti mərhələdə icma üzvləri ilə görüş keçirilməsi qərara alınıb. Həmçinin Nardaran ağsaqqallarını maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.