...

ATU ilə Gəncə Cihazqayırma Zavodu arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2016 10:11 (UTC +04:00)
Azərbaycan Texnologiya Universiteti (ATU) Müştəriyə Yönəlmə Proqramı çərçivəsində daha bir istehsalat müəssisəsi ilə əməkşdaşlığa başlayır. Gəncə Cihazqayırma Zavodu (GCZ) ilə universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.
ATU ilə Gəncə Cihazqayırma Zavodu arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universiteti (ATU) Müştəriyə Yönəlmə Proqramı çərçivəsində daha bir istehsalat müəssisəsi ilə əməkşdaşlığa başlayır. Gəncə Cihazqayırma Zavodu (GCZ) ilə universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

Trend-in məlumatına görə, bununla bağlı ATU-da keçirilən görüşdə rektor professor Akif Süleymanov universitet haqqında geniş məlumat verib. O, qeyd edib ki, Təhsil Nazirliyinin pilot layihəsi olaraq ATU-da tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramının əsas istiqamətlərindən biri məhz universitetin profilinə uyğun sahələrdə fəaliyyət göstərən sənaye müəssisələri ilə əməkdaşlıq etmək, onları kadr hazırlığı prosesində iştiraka cəlb etməklə müəssisələrin tələblərinə uyğun məzunlar hazırlamaqdır. Rektor bildirib ki, ATU artıq bir neçə bu cür sənaye müəssisəsi ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq edir və onların sırasına Gəncə Cihazqayırma Zavodunun əlavə olunması hər iki tərəf üçün səmərəli ola bilər.

Gəncə Cihazqayırma Zavodunun icraçı direktoru Ayət Bağırov da rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. O, bildirib ki, Gəncə Cihazqayırma Zavodu ASC su sərfiyyatının uçotu cihazlarının işlənib hazırlanması və istehsalı ilə 30 ildən artıq məşğul olmuş təcrübəli mütəxəssislər komandası tərəfindən yaradılıb. Müəssisənin əsas vəzifəsi Azərbaycan Respublikasında cihazqayırmanın daha da inkişaf etdirilməsindən və həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük tələbat olan müasir, keyfiyyətli və rəqabətə davamlı su sayğaclarının və digər ölçmə vasitələrinin istehsalından ibarətdir. Zavod hazırda "Аbşeron" ticarət nişanı altında müxtəlif marka və təyinatlı su sayğacları, turbinli cihazlar və qaz təzyiqi tənzimləyiciləri istehsal edir. Zavodun İSO 9001-2008 beynəlxalq standartının tələblərinə uyğun olaraq sertifikatlaşdırılan məhsulları həm yerli, həm də xarici bazarlarda satılır. Ayət Bağırov bildirib ki, Gəncə Cihazqayırma Zavodunun əsas ehtiyaclarından olan bu sahə üzrə ixtisaslaşmış mühəndis kadrlarının ATU-da hazırlanması sevindirici haldır və zavod bu prosesdə iştirakda maraqlıdır.

Sonra ATU və Gəncə Cihazqayırma zavodunu arasında əməkdaşlıq memorandumu imzalanıb. ATU-nun rektoru professor Akif Süleymanov və Gəncə Cihazqayırma Zavodunun icraçı direktoru Ayət bağırov tərəfindən imzalanan memorandum iki müəssisənin təcrübə VƏ imkanlarından ortaq istifadə etməklə elmi-praktik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat işlərinin aparılmasını, kadr hazırlığı prosesində əməkdaşlığın təmin edilməsini nəzərdə tutur.

https://www.facebook.com/atuganja/posts/1091631640848926

Məqalədə:
Xəbər lenti

Xəbər lenti