Bakı. Trend:
Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Ali Məhkəməsinin növbəti plenumu keçirilib.
Trend-in məlumatına görə, Ali Məhkəmənin sədri R.Rzayev plenumda 2015-ci ilin yekunlarını dəyərləndirib və qeyd edib ki, ötən il ölkəmiz və Ali Məhkəmənin fəaliyyəti üçün uğurlu il olub: "2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb".
R.Rzayev bildirib ki, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb: "Habelə elektron məhkəməyə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsinin və məhkəmə kasasiya şikayətlərinin və işlərinin elektron formada işlənməsi sistemi yenilənib. Əvvəlki illərlə müqayisədə 2015-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib".
Ali Məhkəməsinin sədri vurğulayıb ki, Azərbaycan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ Azərbaycan məhkəmə sistemi üçün mühüm əhəmiyyət kəsb edir: "Məhkəmələrin fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, inşan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ müzakirə edilir".
R.Rzayev bildirib ki, məhkəmə proseslərinin şəffaf, qərarlarının ədalətli olması əsas şərtdir: "Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır".