...

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dilçilik İnstitutunda 1657 “Qaynar xətt”ini yaratdı

Cəmiyyət Materials 16 Fevral 2016 12:50 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması üçün köməklik göstərib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dilçilik İnstitutunda 1657 “Qaynar xətt”ini yaratdı

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Qaynar xətt"in yaradılması üçün köməklik göstərib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən nömrə resursu ayrılıb və zəruri avadanlıqlar quraşdırılıb. 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən 1657 nömrəli "Qaynar xətt"lə bağlı bütün texniki məsələləri RYTN-in mütəxəssisləri, proqram mühəndisləri həll edəcək. Eyni zamanda, instituta bu xidmətləri göstərmək üçün kompüter dəsti də təqdim olunub.

Qısa vaxtda sınaq zənglərinin qəbuluna başlanılacaq. Sınaq zəngləri təxminən martın əvvəllərinə qədər davam edəcək. Bu müddət ərzində dilçi mütəxəssislər irad və təklifləri qeydə alacaq, sualları cavablandıracaq.

Məlumat üçün bildirək ki, "Qaynar xətt" "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın tələbinə uyğun olaraq yaradılıb. Vətəndaşlar bu nömrəyə zəng vurmaqla dil qüsurları barədə məlumat verə və Azərbaycan dili ilə bağlı onları maraqlandıran suallara cavab ala bilərlər.

Xatırladaq ki, AMEA-nın Dilçilik İnstitutu 2014-cü ildən fəaliyyətə başlamalı olan "Qaynar xətt"in yaradılmasında problemlər olduğunu və lazımi avadanlıqlarla təmin olunmadıqlarını, Rabitə və yüksək texnologiyalar nazirliyinin bu məsələdə onlara kömək edəcəyinə ümid etdiklərini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti