...

Azərbaycan Dəmir Yolları: Azərbaycanla İsveçrə arasındakı ikitərəfli əməkdaşlıq daha da genişləndiriləcək

Cəmiyyət Materials 19 Fevral 2016 11:55 (UTC +04:00)
Fevralın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüş keçirilib.
Azərbaycan Dəmir Yolları: Azərbaycanla İsveçrə arasındakı ikitərəfli əməkdaşlıq daha da genişləndiriləcək

Bakı. Trend:

Fevralın 19-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüş keçirilib.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin "Stadler Rail Group" şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. "Stadler Rail Group" şirkətindən KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb. Qatarlardan üçü artıq Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir. Daha iki qatarın isə ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Bundan başqa, gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edilib. Artıq vaqonların istehsalına start verilib.

İkitərəfli görüşdə İsveçrə və Azərbaycanın əməkdaşlıq perspektivləri məsələləri müzakirə olunub.

Səfir Filip Ştalder çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti