...

Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi Ankarada bir sıra işgüzar görüşlər keçirib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2016 11:18 (UTC +04:00)
Ankaraya səfər edən Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi bir sıra işgüzar görüşlər keçirib.
Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi Ankarada bir sıra işgüzar görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetinin (ATU) rəhbərliyi Türkiyənin paytaxtı Ankara şəhərində bir sıra işgüzar görüşlər keçirib. Türkiyə Respublikasının Ali Təhsil Şurasında (Yüksək Öyrətim Kurulu) və Ankarada yerləşən dörd nüfuzlu universitetdə keçirilən görüşlərdə ATU-nun rektoru professor Akif Süleymanov, tədris işləri üzrə prorektor Vüqar İsmayılov, elm və beynəlxalq əlaqələr üzrə prorektor Səbuhi Yusifov, eləcə də Azərbaycanın Türkiyədəki təhsil attaşesi Nəcibə Nəsibova iştirak edib.

ATU-nun rektoru professor Akif Süleymanov deyir ki, bu görüşlərin Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ərəfəsində baş tutması həm müzakirələrin səmərəli keçməsinə, həm də iki ölkə münasibətlərindəki bir çox qürur verici məqamların bir daha aşkara çıxmasına şərait yaradıb: "Türkiyə və Azərbaycan daim ən çətin anlarda da bir-birlərinin yanında olub, bir-birlərinə əməli dəstəklərini ifadə ediblər. Qardaş ölkəyə qarşı xain terror hücumlarının artdığı bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri növbəti dəfə iki dövlət, iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın möhkəm təməllər üzərində bərqərar olduğunun daha bir təsdiqi oldu. Türkiyə ictimaiyyəti, siyasətçilər, media orqanları Azərbaycanın dövlət başçısının bu addımını çox yüksək qiymətləndirdilər. Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasını, Prezident İlham Əliyevin Ankaraya səfərinin çox böyük məna daşıdığını diqqətə çatdırdı".

A.Süleymanov həmçinin qeyd edir ki, iki qardaş ölkə liderinin böyük məna kəsb edən bu görüşü ATU-nun rəhbər heyəti tərəfindən Ankarada keçirilən görüşlərə də böyük töhfə verib: "İstər Türkiyə Respublikasının Ali Təhsil Şurasında, istərsə də Ankara şəhərində yerləşən Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti, Bilkent Universiteti və Yıldırım Bəyazid Universitetində keçirdiyimiz görüşlərdə biz həm xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və qardaşlıq əlaqələrinin, həm də Prezident İlham Əliyevin Türkiyəyə böyük məna daşıyan son səfərinin təsirlərini hiss etdik. Türkiyə Ali Təhsil Şurasında ATU ilə bu ölkənin univeristetləri arasında ikili diplom proqramlarının tətbiqinin dəstəklənməsinə dair razılıq əldə olundu. Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti, Bilkent Universiteti və Yıldırım Bəyazid Universitetində keçirdiyimiz görüşlər də olduqca səmərəli keçdi. Bu ali təhsil ocaqları ilə ATU arasında çoxşaxəli əməkdaşlığa başlanması, tələbə və müəllimlrin mübadiləsi, ortaq layihə və proqramların icrası, ikili diplomların verilməsi və texnoparkların yaradılmasında birgə fəaliyyətə dair razılıq əldə olundu. Bütün bu görüşlərdə isə biz bir daha əmin olduq ki, Prezident İlham Əliyevin Ankaraya səfərinin və çətin gündə türk xalqına dəstəyinin yaratdığı yüksək təəssürat bizim ən böyük kredomuzdur. Biz şahidi olduq ki, Türkiyə ictimaiyyətinin münasibətlərimizə ümumi yanaşması "Bu ağır günlərdə bizi tək qoymayan Azərbaycan əsl qardaş və dostdur" fikirləri üzərində formalaşır".

A.Süleymanov fikrincə, Prezident İlham Əliyevin Ankaraya səfəri "Bir millət, iki dövlət" sözlərinin təkcə şüar deyil, həm də Türk və Azərbaycan xalqlarının ortaq duyğularını əks etdirən əbədi irs olduğunu sübut edib. Bütün bunlar isə bir daha göstərir ki, Prezident İlham Əliyevin Türkiyə səfəri həm qardaş ölkədə, həm də dünyanın diqqət mərkəzində olmaqla yanaşı, Azərbaycanın hər zaman Türkiyənin yanında olacağını təsdiqləyən mühüm faktdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti