...

ATU-da Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universitetindən gələn heyətlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2016 10:32 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşlıq etdiyi xarici ali təhsil ocaqlarının sırasına Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universiteti (XDQTTU) də əlavə olunub.
ATU-da Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universitetindən gələn heyətlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşlıq etdiyi xarici ali təhsil ocaqlarının sırasına Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universiteti (XDQTTU) də əlavə olunub. Bununla bağlı ATU-da Ukraynadan gələn heyətlə görüş keçirlib.

Qonaqları salamlayan ATU-nun rektoru professor Akif Süleymanov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, ölkəmizin yeni təhsil strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələri və perspektiv planları barədə məlumat verib. Professor Akif Süleymanov bildirib ki, Təhsil Nazirliyinin pilot layihəsi olaraq ATU-da tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramının əsas məqsədlərindən biri də xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə fundamental əlaqələr yaratmaq, bu əlaqələrin nəticəsi olaraq tələbə və müəllim mübadiləsinə, eləcə də dual diplomların verilməsinə nail olmaqdır. Rektor qeyd edib ki, indiyədək ATU ilə bir neçə ölkənin universitetləri arasında səmərəli əlaqələr qurulub və bunun nəticəsi olaraq əhəmiyyətli addımlar atılıb. ATU ilə XDQTTU-nun baza ixtisasları və faəiyyət istiqamətlərinin eyni olması bu iki universitet arasında da effektiv əməkdaşlığın aparılmasına imkan verir.

XDQTTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Andrey Foşşan da təmsil etdiyi ali təhsil ocağı haqqında danışıb. O, qeyd edib ki, 6 minə yaxın tələbəsi olan XDQTTU-da bu kontingentin 10%-ə yaxınını xarici ölkə vətəndaşları təşkil edir, 130 tələbə isə azərbaycanlıdır. Bu isə universitetin xarici əlaqələrinin inkişaf səviyyəsinin yüksək olmasını, ATU ilə əməkdaşlığa əlverişli zəmin yaratmasını göstərir. Bundan başqa eyni istiqamətli kadr hazırlığı, uyğun ixtisasların mövcudluğu da iki universitetin əməkdaşlığının səmərəli olmasına imkan yaradır. Xüsusən də tələbə və müəllim mübadiləsi, həmçinin dual diplom proqramına qoşulma imkanları daha genişdir.

Görüşün sonunda ATU və XDQTTU arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum iki universitetin kadr hazırlığının keyfiyyətinin artırılması, elmi fəaliyyətin təşkili, tədris-metodiki vəsaitlərin hazırlanması, elmi-pedaqoji kadrların mübadiləsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və sair məsələlərdə əməkdaşlıq etməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti