...

Ekspert: Dövlət İmtahan Mərkəzinin fəaliyyəti nəticəsində bəzi neqativ hallar aradan qalxacaq

Cəmiyyət Materials 12 Aprel 2016 11:09 (UTC +04:00)
Azərbaycan Dövlət İmtahan Mərkəzinin yaradılması qiymətləndirmə aparatının möhkəmlənməsinə xidmət edir.
Ekspert: Dövlət İmtahan Mərkəzinin fəaliyyəti nəticəsində bəzi neqativ hallar aradan qalxacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Dövlət İmtahan Mərkəzinin yaradılması qiymətləndirmə aparatının möhkəmləndirilməsinə xidmət edir. Bunu Trend-ə təhsil üzrə ekspert Əjdər Ağayev deyib.

Onun sözlərinə görə, qəbul imtahanların keçirilməsi ilə məşğul olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilk olaraq ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanlarının keçirilməsi üçün yaradılmışdı: "Ondan sonra bu quruma tədricən digər vəzifələr də həvalə edildi. Amma TQDK ayrı-ayrı işləri əvvəlki nizamnaməsi üzrə yerinə yetirdi. İndi isə dövlət özünün mərkəzləşdirilmiş qiymət verən orqanını yaratdı. Mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulu da bu Mərkəz tərəfindən müsabiqə əsasında həyata keçiriləcək. Bu Mərkəz tam dövlət hüquqi imkanı olan və qiymətləndirmə apara bilən bir təşkilatdır".

Bu qurumun fəaliyyətində şəffaflığın olmasını əsas məsələ sayan ekspert hesab edir ki, bu gün dövlət qulluğuna işə qəbulda subyektiv münasibətlər rol oynayır: "Bu gün dövlət qulluğuna qəbul imtahanlarında uğur qazanan namizədlər daha sonra müəssisələr tərəfindən müsahibəyə dəvət edilirlər. Lakin bəzən subyektiv amillər üzündən müsabiqədə 80 bal toplayan kənarda qalır, 60 bal toplayan işə qəbul edilir. İstərdim ki, bu qurum həmin məsələləri özü həll etsin və iş üçün birbaşa göndəriş versin. Kadrların seçimi düzgün aparılmalıdır. Bu da vicdanla bağlıdır. Qəbul mexanizmi tam hazır deyil. Bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən mexanizmdən asılı olacaq. Amma yəqin ki, yeni Mərkəzin fəaliyyəti nəticəsində bundan sonra belə neqativ hallar olmayacaq".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi bir çox məsələləri - Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək. Mərkəz həm də imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayaraq onu Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək.

Bununla yanaşı, yeni Mərkəz ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodik monitorinqini Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçirəcək.

İndiyədək bu vəzifələrin hamısı ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müstəqil şəkildə həyata keçirilib. Bu işlərin görülməsi üçün Təhsil Nazirliyi ilə razılaşdırmanın aparılmasına ehtiyac yox idi. Yeni yaradılan qurum isə TQDK-nın əvvəlki işlərini görsə də, onların çoxunu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirəcək. Hesab edilir ki, bu, Təhsil Nazirliyi ilə TQDK arasında olan bəzi anlaşılmazlıqları həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti