...

I sinfə qəbul üçün e-sistemdə daha çox oğlan uşaqları qeydiyyatdan keçirilib

Cəmiyyət Materials 15 Aprel 2016 18:02 (UTC +04:00)
2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesi sentyabrın 15-dək davam edəcək.
I sinfə qəbul üçün e-sistemdə daha çox oğlan uşaqları qeydiyyatdan keçirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesi sentyabrın 15-dək davam edəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, bu prosesə martın 1-dən başlanılıb.

Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 35 176 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib. 29 617 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 25 921 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3696 nəfəri isə lisey və gimnaziyaları seçib (lisey və gimnaziyaların I sinfinə elektron qəbul yekunlaşıb).

Bu günə olan rəsmi məlumata əsasən, 18 088 nəfər oğlan, 15 889 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib. Onlardan 2894 nəfəri 6 yaşı tamam olmayanlardır. I sinfə qəbul üçün sorğu yerləşdirilmiş uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da var. Belə ki, 30 nəfər 8 yaşdan yuxarı uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib.

I sinfə elektron qeydiyyat başlayan tarixdən etibarən qeydiyyatdan keçmə prosesi və texniki məsələlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və bu məsələ ilə bağlı yaradılmış komissiyalara müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti