...

Nizami rayon ictimaiyyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Cəmiyyət Materials 25 Aprel 2016 16:18 (UTC +04:00)
Aprelin 23-də Nizami rayon ictimaiyyətinin bir qrup nümayəndəsi, YAP Nizami rayon təşkilatının fəalları və gəncləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Nizami rayon ictimaiyyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Bakı. Trend:

Aprelin 23-də Nizami rayon ictimaiyyətinin bir qrup nümayəndəsi, YAP Nizami rayon təşkilatının fəalları və gəncləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Rayon ictimaiyyəti kütləvi məzarlığa gələrək soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb.

2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlayıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb.

Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Bildirilib ki, bu məzarlıq erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir.

Sonra tədbir iştirakçıları Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar.

Məlumat verilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer almışdır.

Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımıları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.

Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da var.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Məhz ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Fondun atdığı bu addımlar tarixi əhəmiyyəti ilə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti