...

ƏƏSMN cəza çəkməkdən azad edilmiş 1758 nəfəri birdəfəlik müavinətlə təmin edib

Cəmiyyət Materials 27 Aprel 2016 14:43 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1758 nəfəri birdəfəlik müavinətlə təmin edib.
ƏƏSMN cəza çəkməkdən azad edilmiş 1758 nəfəri birdəfəlik müavinətlə təmin edib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1758 nəfəri birdəfəlik müavinətlə təmin edib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan şəxsləri birdəfəlik sosial müavinətlə təmin edir.

Cari ilin ilk rübü ərzində nazirlik tərəfindən birdəfəlik sosial müavinətlə təmin edilən belə şəxslərin sayı 1758 nəfər olub. Onların hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Məşğulluq haqqında qanunvericilikdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyalarına aid ediliblər və müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində onların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır.

Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq işlər görülür. Bu məqsədlə keçən il və cari ilin ötən dövründə 184 nəfər belə vətəndaş üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa edilir.

Mərkəz qeyd olunan şəxslərin sosial adaptasiya tədbirlərinə cəlb olunması, müvafiq hallarda onların hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və s. istiqamətlərdə fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti