Bakı. Samir Əli - Trend:
Azərbaycanda azyaşlılar arasında cinayət törətmə hallarında artım yoxdur. Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.
H.Əlixanov qeyd edib ki, tərbiyə müəssisəsində cəza çəkən azyaşlılar müəssisədə xüsusi peşə təhsilləri alırlar: "Onlar sistematik olaraq həmin müəssisədə fəaliyyət göstərən orta məktəbdə təhsil alırlar, burada müəyyən peşəyə yiyələnə bilirlər. Bununla bağlı müəyyən işlər də görülür".
Ədliyyə general-mayoru bildirib ki, azyaşlıların yetkinlik yaşına çatandan sonra böyüklərin olduğu cəzaçəkmə müəssisəsinə göndərilməsinin uyğun olub-olmaması üçün qanunvericiliyə yenidən baxılmalıdır: "Bu məsələyə yenidən baxılmalıdır ki, yetkinlik yaşına çatandan sonra həmin azyaşlıların adi cəzaçəkmə müəssisələrinə göndərilməsi nə dərəcədə uyğundur".