...

Azərbaycanda uşaqlarla bağlı xüsusi proqramın icrasına başlanılıb

Cəmiyyət Materials 20 May 2016 11:28 (UTC +04:00)
Azərbaycanda anadangəlmə ürək qüsurlarının erkən müayinə edilməsi və ixtisaslaşmış tibb müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə xüsusi neonatal skrininq proqramına start verilib.
Azərbaycanda uşaqlarla bağlı xüsusi proqramın icrasına başlanılıb

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda anadangəlmə ürək qüsurlarının erkən müayinə edilməsi və ixtisaslaşmış tibb müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə xüsusi neonatal skrininq proqramına start verilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən anadangəlmə inkişaf qüsurları olan körpələrin erkən aşkarlanması və onların müalicəsi işinin təşkil edilməsi və bu məqsədlə neonatal müayinələrin (skrininqlərin) aparılması Səhiyyə Nazirliyi tərəfindən təmin edilir. Anadangəlmə inkişaf qüsurlu körpələrin erkən aşkarlanması, müalicəsinin, o cümlədən cərrahi müalicəsinin və sonradan tibbi reabilitasiyasının təşkili məqsədilə dövlət proqramı çərçivəsində aidiyyatı dövlət tibb müəssisələri, Perinatal Mərkəzlər, qadın məsləhətxanaları, doğum evləri və poliklinikalar müvafiq fetal və perinatal diaqnostika avandalıqları ilə təchiz edilmişdir.

Bununla yanaşı, anadangəlmə ürək qüsurlarının erkən müayinə edilməsi və ixtisaslaşmış tibb müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə dövlət proqramı çərçivəsində Səhiyyə Nazirliyinin 2016-cı il 16 mart tarixli 57-S nömrəli Sərəncamına əsasən Bakı şəhəri Respublika Perinatal Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Şəhər klinik xəstəxanasının iştirakı ilə yenidoğulmuş körpələr və uşaqlar arasında anadangəlmə ürək qüsurlarının aşkarlanması məqsədilə xüsusi neonatal skrininq proqramına start verilmişdir. Skrininq proqramı zamanı qeyd edilmiş tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarına yoxlanması məqsədilə "skrininq nəbz oksimetriyası" və exokardioqrafiya aparılaraq, ürək qüsuru, xüsusilə də, kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülməkdədir.

"Rostropoviç-Vişnevskaya Fondu"nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu pilot skrininq proqramı çərçivəsində həmçinin neonatoloqlar, reanimatoloqlar, pediatrlar, uşaq kardioloqları və tibb bacıları üçün "Neonatal kardiologiya"ya dair mövzulara əsasən xüsusi təlim kurslarının təşkili də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti