...

ATU "KOS EXPO 2016" sərgi-konfransında iştirak edib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2016 11:09 (UTC +04:00)
Azərbaycan Texnologiya Universiteti “KOS EXPO 2016” sərgi-konfransında iştirak edib.
ATU "KOS EXPO 2016" sərgi-konfransında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universiteti "KOS EXPO 2016" sərgi-konfransında iştirak edib.

Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan Texnologiya Universiteti (ATU) Bakı Biznes Mərkəzində keçirilən "KOS EXPO 2016" sərgisi və "İqtisadi reformlar və universitet-sənaye əməkdaşlığı" adlı konfransda iştirak edib.

"İPƏK YOLU" Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sərgi-konfransda Təhsil, İqtisadiyyat, Vergilər və Kənd Təsərrüfatı nazirlikləri, Prezident yanında Bilik Fondu, Azərbaycan Texnologiya Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Qafqaz Universiteti və Qafqaz Texnoparkı iştirak edib.

Konfransın "İqtisadi reformlar və ixracın artırılması yolları" və "Universitet-iş dünyası əməkdaşlığı və iqtisadi inkişaf üçün innovativ mühitin formalaşdırılması yolları" adlı panellərində kiçik və orta sahibkarlığın inkişafı, universitet və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, eləcə də ölkədə innovativ mühitin formalaşdırılması və inkişafının dəstəklənməsi məsələləri müzakirə olunub.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov konfransın ilk panelində Azərbaycanda universitet-sənaye əməkdaşlığının formalaşdırılmasının potensial imkanları haqqında məlumat verib.

ATU-nun tərbiyə işləri üzrə koordinatoru Rauf Əmənov isə "Azərbaycanda universitet-sənaye əlaqələrinin rolu və təkliflər" mövzusunda çıxış edib. O, bildirib ki, Təhsil Nazirliyinin pilot layihəsi olaraq ATU-da həyata keçirilən Müştəriyə Yönəlmə Proqramının əsas istiqamətlərindən biri məhz universitetin profilinə uyğun sahələrdə fəaliyyət göstərən sənaye müəssisələri ilə əməkdaşlıq etmək, onları kadr hazırlığı prosesində iştiraka cəlb etməklə müəssisələrin tələblərinə uyğun məzunlar hazırlamaqdır.

İndiyədək Müştəriyə Yönəlmə Proqramı çərçivəsində ATU ilə 20-ə yaxın müəssisə arasında əməkdaşlıq əlaqələri qurulub. Əsas məqsədi elm və sənayenin inteqrasiyasını həyata keçirmək, praktiki əhəmiyyəti olan və istehsalata tətbiqi mümkün olan elmi tədqiqat işləri aparmaq, eləcə də sənayenin və iş dünyasının tələblərinə uyğun müasir bilik və bacarıqlara malik gənc kadrlar hazırlamaq olan bu ələqələr çərçivəsində bir sıra istehsalat müəssisələrində ATU-nun kafedraları açılıb. Bəzi müəssisələr isə universitetdə laboratoriyalar yaradıb. Bundan başqa ATU-nun alimləri müxtəlif zavodların istehsalatda üzləşdikləri problemləri aradan qaldırmaq üçün elmi-tədqiqat işləri həyata keçirir.

Tədbirdə çıxış edən "İPƏK YOLU" Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov isə respublikamızda sahibkarlığa dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. O, bildirib ki, son illər qeyri-neft sektorunun inkişafı ilə sahibkarlığa dəstək verilməsi istiqamətində mühüm addımlar atılıb.

Əsassız yoxlamalar aradan qaldırılıb, iş adamlarına güzəştli kreditlərin verilməsi intensivləşib. Atılmış bu kimi addımlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına da zəmin yaradıb.

Konfransda İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin iş adamları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Kiçik və orta sahibkarlıq sərgisində isə 70-ə yaxın təhsil və biznes müəssisəsi öz məhsullarını onlara ayrılan stendlərdə nümayiş etdirib. ATU-nun fəaliyyəti haqqında geniş məlumatların verildiyi stend sərgiyə gələnlər tərəfindən maraqla izlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti