...

Prospektin bir hissəsi təmir edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 11 İyul 2016 17:32 (UTC +04:00)
Nizami rayonu Qara Qarayev prospektinin bir hissəsi, daha dəqiq, prospektin Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişmələri arasında olan 600 m-lik hissəsi yüksək keyfiyyətlə təmir edilərək vətəndaşların istifadəsinə verilib.
Prospektin bir hissəsi təmir edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Nizami rayonu Qara Qarayev prospektinin bir hissəsi, daha dəqiq, prospektin Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişmələri arasında olan 600 m-lik hissəsi yüksək keyfiyyətlə təmir edilərək vətəndaşların istifadəsinə verilib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, sözügedən hissədə zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq asfaltlanıb, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Bundan başqa, Ş.Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunub.

Hazırda Q.Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə (Dakar meydanı) təmir-tikinti işləri həyata keçirilir. Bu üzdən prospektin Nəsimi küçəsi ilə kəsişməsindən sözügedən dairəyə doğru avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.

Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715m, eni 11m olan köməkçi yolunda da təmir işləri bitib. Ş.Mirzəyev və R.Rüstəmov küçələri (Neftçilər metrosu) arasında yerləşən uzunluğu 750m, eni 12m olan köməkçi yolda isə təmir işləri davam etdirilir.

Ümumiyyətlə, təmir-tikinti işləri prospektin sonuna qədər ( Babək prospektinə kimi ) 2850 m-lik hissədə davam etdiriləcək. 6 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni ortalama 24 m təşkil edir.

Prospekt boyunca təqribən 15 min paqon-metrə yaxın yeni səki daşının düzülməsi, 90 min kv.m-dən artıq ərazinin asfaltlanması, Ş.Mirzəyev və R.Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, R.Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə təktərəfli işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Q.Qarayev prospektində təmir işləri Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılır. Artıq bu çərçivədə Nizami rayonunda bir neçə küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb, bəzilərində isə hazırda da davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti