...

Əlilliyi olan 16 şagird birinci sinfə gedəcək

Cəmiyyət Materials 29 Avqust 2016 18:14 (UTC +04:00)
2016-2017-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən pilot məktəblərdə 16 nəfər əlilliyi olan şagird birinci sinfə cəlb olunacaq.
Əlilliyi olan 16 şagird birinci sinfə gedəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-2017-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən pilot məktəblərdə 16 nəfər əlilliyi olan şagird birinci sinfə cəlb olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş «İbtidai təhsil pilləsində İnklüziv təhsilin tətbiqi» layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində Xətai rayonu 138 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Nərimanov rayonu 202 nömrəli məktəb-lisey və Sabunçu rayonu 252 nömrəli məktəb-lisey pilot təhsil müəssisələri kimi seçilib.

2016-2017-ci tədris ilində qeyd olunan məktəblərin hər birində 2 sinif olmaqla, 16 nəfər əlilliyi olan şagird birinci sinfə cəlb olunacaq. Pilot məktəblərin pedaqoji heyətindən əlilliyi olan uşaqların təhsilinin inklüziv şəraitdə təşkili üzrə bir sıra bilik və bacarıqlar tələb olunur. Bu məqsədlə 29 avqust–2 sentyabr 2016-cı il tarixlərində 4 pilot inklüziv məktəbin pedaqoji heyəti üçün Təhsil Nazirliyi İnklüziv təhsil üzrə təlim təşkil edir. Təlim Bakı şəhəri Xətai rayonu 138 nömrəli tam orta məktəbdə keçirilir. Təlimdə pilot məktəblərin direktorları, loqoped-defektoloqları, ibtidai təhsil üzrə direktor müavinləri və inklüziv siniflərin sinif müəllimləri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti