...

Elektron informasiya sisteminə müraciətlər artıb

Cəmiyyət Materials 8 Sentyabr 2016 11:21 (UTC +04:00)
Car ilin yanvar-avqust aylarında əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 369 124 dəfə istifadə qeydə alınıb.
Elektron informasiya sisteminə müraciətlər artıb

Bakı. Trend:

Car ilin yanvar-avqust aylarında əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 369 124 dəfə istifadə qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin avqust ayında ƏƏSMN-nin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı əvvəlki iyul ayına nisbətən 15 faiz, ötən ilin avqust ayına nisbətən 30 faiz artaraq 164 981-ə çatıb.

Bu ilin yanvar-avqust aylarında isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə həmin sistemdən 5,8 faiz çox, yəni 1 369 124 dəfə istifadə edilib.

Ölkəmizin Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunan bildirişlərin informasiya sistemində qeydiyyata alınması “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə yerinə yetirilir. Avqust ayında sistemə müraciətlərin 153 103-ü məhz həmin e-xidmətə aid olub. Sistemə müraciətlərin digər qismi (11 878 müraciət) isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə yönəlib. Bu e-xidmət isə işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir.

2014-cü ilin iyul ayından respublikamızda əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar əhaliyə təqdim olunan hər iki e-xidmətdən cari ilin 01 sentyabr tarixinə qədər 5 878 228 dəfə istifadə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti