...

ATU 10-cu Beynəlxalq Təhsil Sərgisində iştirak edib (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2016 13:58 (UTC +04:00)
ATU 10-cu Beynəlxalq Təhsil Sərgisində iştirak edib.
ATU 10-cu Beynəlxalq Təhsil Sərgisində iştirak edib (FOTO)

Bakı. Trend:

Oktyabrın 7-dən 9-dək "Baku Expo" Mərkəzində “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı və Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan 10-cu Beynəlxalq Təhsil Sərgisi keçirilib.

14 ölkədən 118 təhsil müəssisəsinin iştirak etdiyi sərgidə Azərbaycan Texnologiya Universitetini (ATU) elm və texnika üzrə prorektor Səbuhi Yusifovun rəhbərlik etdiyi heyət təmsil edib. ATU-nun fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planlarının nümayiş etdirildiyi stendə 3 gün ərzində yüzlərlə ziyarətçi baş çəkib.

Sərginin açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son illərdə Azərbaycanda təhsil sahəsində islahatlar və məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizdə insan kapitalının inkişafının müasir dövlətçilik fəlsəfəsinin əsas hədəfi olduğunu deyən nazir müavini bildirib ki, bu vacib hədəfin gerçəkləşməsi xeyli dərəcədə təhsilin üzərinə düşür.

Sonra sərgi iştirakçıları stendlərə baxış keçirib. ATU-nun stendinə geniş diqqət ayıran təhsil nazirinin müavini Ceyhun Bayramova universitetdə son dövrdə görülən işlər və onların nəticələri, eləcə də perspektiv planlar haqqında məlumat verilib. Nazir müavini öz tövsiyyələrini verməklə ATU-ya uğurlar arzu edib.

Ümumilikdə ATU-nun stendinə 3 gün ərzində min nəfərdən artıq ziyarətçi baş çəkib. Əsasən məktəblilərdən ibarət olan ziyarətçilərə ATU-dakı fakültə və ixtisaslar, yeni innovativ layihələr, mübadilə proqramlarında iştirak imkanları barədə məlumat verilib, bakalavriat, magistratura və doktorantura təhsili, eləcə də ikinci ali təhsil ilə bağlı suallar cavablandırılıb. Universitet nümayəndələri ilə bilavasitə ünsiyyət quran ziyarətçilər bu ali təhsil müəssisəsi ilə bağlı onları maraqlandıran müxtəlif məsələlər haqqında ətraflı məlumat almaq imkanı əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti