Bakı. Trend:
Azərbaycan Texnologiya Universitetində (ATU) 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Azərbaycan xalqının tarixi nailiyyəti - inkişafa və tərəqqiyə gedən yol” mövzusunda elmi-praktik konfrans keçirilib.
ATU-dan Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov qeyd edib ki, oktyabrın 18-i Azərbaycanın yeni tarixində ən əlamətdar günlərdən biridir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib, dönməz və əbədi xarakter alıb, respublikamız sürətli inkişaf yoluna qədəm qoyub.
Professor Akif Süleymanov bildirib ki, 18 oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi də bir o qədər məsul və şərəfli idi. Ölkəmiz üçün taleyüklü bu vəzifənin öhdəsindən isə məhz xalqımızın ümummilli lideri Heydər Əliyev gələ bildi. Ulu öndər respublikanı 1990-cı illərin əvvəllərində yaranmış ağır ictimai-siyasi vəziyyətdən çıxararaq müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi yolunda misilsiz xidmətlər göstərdi.
Tədbirdə daha sonra çıxış edənlər də 25 il əvvəl Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyytəindən danışıb. Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə xalqımızın uzun illərdir yaşatdığı istiqlal ideyasını reallaşdırdı. Bu həm də sübut etdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularını məhv edə bilməmişdi. 1920-ci ildə cəmi 23 ay yaşadıqdan sonra süquta yetirilən Azərbaycan Xalq Cümhuriyyətinin təməlləri üzərində 1991-ci ildə yenidən müstəqil Azərbaycan dövləti yarandı.
Çıxışlarda həmçinin müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.