Bakı. Hüseyn Vəliyev - Trend:
Əqli fəaliyyət nəticələri kommersiyalaşmalıdır, yəni texnologiyalar tədqiqat institutundan sənayeyə çatdırılmalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov "Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti" mövzusunda beynəlxalq seminarda çıxışında deyib.
K.İmanovun sözlərinə görə, Təhsil Nazirliyində və Elmlər Akademiyasında elmi-tədqiqat nəticələrinin səmərəsini artırmaq və tətbiqini sürətləndirmək məqsədilə geniş işlər aparılır və danılmaz faktdır ki, əqli mülkiyyət siyasətinin bu işlərdə dəstək olması ön plana çevrilir: "Təhsil Nazirliyinin rəhbərliyinin təşəbbüsü və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) dəstəyi nəticəsində bu mövzu ilə bağlı daha geniş miqyasda yeni konfransın keçirilməsi ərsəyə gəldi və oktyabr ayında ÜƏMT-nin Baş direktoru F.Qarri ilə görüşümüzdə konfransın keçirilməsi haqqında və onun nəticəsi kimi ÜƏMT ilə tədqiqat ocaqlarının arasındakı əməkdaşlığı gücləndirmək qərarı verildi. Bu məqsədlə xüsusi sənəd hazırlandı və MHA tərəfindən məsələyə aid ÜƏMT-nin metodik sənədləri tərcümə edilib, bugünkü konfransa təqdim edilib. Tədbirin önəmini vurğulamaqla, xüsusi olaraq qeyd etməliyəm ki, məsələnin özəli nə bilavasitə tədbirin özündədir, nə də silsilə tədbirlərdədir. Məsələnin kökü dövlət başçısının yürütdüyü yeni iqtisadi siyasətindədir, tədbirin nəticələrinin bu siyasətə xidmət edilməsindədir, elm və təhsil ocaqlarının bu siyasətin icrasına qoşulmasında və innovativ inkişafdakı yerini möhkəmləndirməsindədir".
Agentliyin sədri qeyd edib ki, dünya böhranı fonunda dayanıqlı inkişafı təmin edən Azərbaycan hazırda dövlət başçısının ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir: "Cənab Prezident İlham Əliyevin neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb. Azərbaycanın yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyulmasıdır. Bu isə yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elm tutumlu sahənin genişlənməsi deməkdir. Belə ki, dövlət başçısının təşəbbüsü əsasında "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydaları üzərində işlər aparılır. Bu sıraya digər sistemli tədbirlər də daxil olmalıdır, o cümlədən investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, biznesə aid inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi, vergi və gömrük güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi və s. – çox mühüm islahatlardır. Üstəlik, sənaye parklarının və məhəllələrinin, aqroparkların və biznes-inkubatorların yaradılması inkişafın yeni üfüqlərini açır".
O əlavə edib ki, beynəlxalq strukturlar ölkəmizdə keçirilən islahatların düzgünlüyünə, iqtisadi inkişafa xidmət edilməsini və əldə olunan nəticələri obyektiv qiymətləndirir: "Davos Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan üzrə proqnozları yaxşılaşdırıb: bundan öncəki il Azərbaycanda 2,4% illik iqtisadi azalma nəzərdə tuturdusa, düzəliş edib, bu il ÜDM-in 1% artımını gözləyir. Gələn 2017-ci il üçün 1,4% proqnozlaşdıran artımını 2,4% əvəz edib. Səslənən iqtisadi motivlər birinci əhəmiyyətli amildir ki, universitet və elmi təşkilatlarda özünəməxsus əqli mülkiyyət siyasəti ön plana çevrilsin. Odur ki, səsləndirdiyimin əsas məqsədi universitetlərin, elmi-tədqiqat institutlarının elm və mühəndislik nəticələrinin yeni iqtisadi durum şəraitində yeni çağırışlar çərçivəsində yerini möhkəmləndirmək yolları müzakirəyə çıxarılsın, təkliflərin mübadiləsi aparılsın və əqli mülkiyyətin əhəmiyyətli dəstək rolu bir dəfə də qabardılsın. Və bu səpgidə biz – əqli mülkiyyət mütəxəssisləri öz bilik və təcrübəmizi əsirgəməyəcəyik.
Bəllidir ki, dövlətimizin əqli mülkiyyət siyasəti cənab Prezident İlham Əliyevin səyləri nəticəsində zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır, siyasəti icra edən iki ixtisaslaşmış dövlət qurumu – müəlliflik və oxşar hüquqlar üzrə Müəllif Hüquqları Agentliyi, sənaye mülkiyyəti üzrə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasında bu siyasətə diqqət yetirilir. Əqli mülkiyyət sahəmiz beynəlxalq nüfuz qazanıb, beynəlxalq strukturlarda rəhbər komitələrdə təmsilçilik edir, MHA-nın nümayəndəsi isə 120-dən artıq ölkələri birləşdirən ÜƏMT-nin “Müəlliflik hüququna dair” Beynəlxalq Müqaviləsinin Assambleyasının MDB məkanında ilk dəfə olaraq sədr müavini seçilib".
K.İmanov qeyd edib ki, Azərbaycanın nüfuzunun artmasında digər sahələrdə olduğu kimi müəllif-hüquq sahəsində də dövlət başçısı cənab İlham Əliyevin son 13 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasəti, təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi durur: "Əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq, təlimləndirmək və bu sahədə bilik və vərdişləri artırmaq məqsədi ilə MHA nəzdində yaradılan Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzinin smart-tipli təlim xidməti vasitəsilə istər əyani (Mərkəzdə), istər distant təlimləri, rəy və sorğular əsasında ilkin hazırlıqdan asılı olaraq, əqli mülkiyyət üzrə bir sıra elektron, multimedia kursları, 100-dən çox elektron prezentasiyaları, 250-dən artıq təlim çap məhsulları əldə etmək imkanları yaradılıb. Bununla yanaşı, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilərək, 6 bənddə əqli mülkiyyətin inkişafı ilə vacib məsələlər nəzərdə tutulur. Müəlliflik və oxşar hüquqlar üzrə Milli Strategiya 2013-cü ildən təsdiq edilib, sənaye mülkiyyəti üzrə Strategiya da artıq hazırdır və əqli mülkiyyət üzrə hər iki qurumun rəhbərlərinin birgə əmri əsasında bu iki qolun vahid sənəddə uyğunlaşdırılması işi gedir.
20-25 il öncə kölgədə olan əqli mülkiyyət fenomeni hazırda nəzərəçarpan dərəcədə inkişaf etmiş və bu gün dünyada onun fəaliyyət konteksti yarandığı vaxtdan prinsipial olaraq fərqlənir. Yeni kontekst həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli mülkiyyətin yerini dəyişdirərək, onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Həqiqətən, beynəlxalq sənədlərdə "biliklərə əsaslanan" cəmiyyəti və əqli mülkiyyətin təsirini ölçərək, bir neçə meyarlar əsas götürülür. İlk növbədə innovasiya sistemlərinin keyfiyyətli fəaliyyəti, biliklərin yaranması, əldə edilməsi və tələbata uyğun elmi və yaradıcılıq strukturlarının əqli fəaliyyət nəticələri. Bu isə əqli mülkiyyətin yaradılması şəraitidir. Digər tərəfdən, təhsil və təlim səviyyəsi və şəraiti, peşəkar hazırlığı olan və təhsilli əhalinin mövcudluğu nəzərə alınır. Bu isə əqli mülkiyyətin keyfiyyətli istifadəsi deməkdir. Bundan savayı bilik və informasiyaların yayılmasını, kommunikasiyasını və emalını təmin edən dinamik İKT strukturunun olması vacib şərtdir. Bu isə əqli mülkiyyətin yayılması şəraitidir".
MHA sədri bildirib ki, bu 3 sadalanan şərtlərin olduğu halda əqli mülkiyyət şaxələnir və onun institusional rejimi əqli mülkiyyətin idarəedici strukturlarının fəaliyyəti ilə həyata keçirilir: "Göründüyü kimi, əqli mülkiyyətin yaradılması mərhələsi onun istifadəsi və yayılması mərhələləri ilə zəncirvarı bağlıdır, çünki biliklər yaranır, toplanır, cəmiyyətə istifadəyə verilir və yayılır. Lakin keçidi təmin etmək üçün əqli fəaliyyət nəticələri kommersiyalaşmalıdır, yəni texnologiyalar universitetdən (tədqiqat institutundan) sənayeyə çatdırılmalıdır. Bu funksiyanı öz üzərinə kim götürməlidir? Bugünkü yığıncağın bir cəhəti də ondan ibarətdir ki, bu iş əsl sahiblərin, yaradan strukturların əlində olmalıdır.
Bir sözlə, universitetlər yalnız bilik yaradıcıları və biliklərin toplayıcıları, cəmiyyətə təhsilli tələbə və mütəxəssislər, elmi əsərlərdə və konfrans-diskussiyalarda bilikləri cəmiyyətə transfer edənlər deyil, üstəlik kommersiyalaşmış texnologiyaları çatdıranlar olmasıdır. Bu səbəbdən universitetlərin və elmi-tədqiqat institutlarının rəsmi hüquqi mövqeyi olmalı, əqli mülkiyyət siyasəti formalaşdırılmalı və bununla əqli mülkiyyət universitetin strateji resursuna çevrilməlidir. Odur ki, əqli mülkiyyətin fəaliyyətinin dəyişmiş konteksti eyni dərəcədə əqli mülkiyyətə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir. Bunlarla bağlı, dünya təcrübəsi və qanunvericilik, normativ-hüquqi və təlimat bazasının təkmilləşdirilməsi təklifləri irəli sürüləcək".