...

Migel Delibesin “Seçilmiş əsərləri”nin təqdimatı olub

Cəmiyyət Materials 24 Noyabr 2016 10:57 (UTC +04:00)
Milli Kitabxanada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri olan, görkəmli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabının geniş təqdimat mərasimi keçirilib.
Migel Delibesin “Seçilmiş əsərləri”nin təqdimatı olub

Bakı. Trend:

Noyabrın 23-də M.F.Axundov adına Milli Kitabxanada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri olan, görkəmli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabının geniş təqdimat mərasimi keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbirdə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Xose Luis Diez Xuares, Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva, Kolumbiya səfirliyinin konsulu cənab Kelly Çaib de Mares, eləcə də Meksika, Braziliya və Fransa səfirliklərinin nümayəndələri, Azərbaycanın tanınmış elm, sənət və ədəbiyyat adamları iştirak edib.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Afaq Məsud açaraq, nəşr barədə məlumat verib. Migel Delibesin ispan ədəbiyyatının son mogikanı olduğunu, təqdim edilən bu nəşrin, ədibin Azərbaycan oxucusunun ixtiyarına verilən ilk kitabı olduğunu söyləyən A.Məsud yazıçının şərəfinə təşkil olunmuş bu tədbirin, həm də kitab və ədəbiyyat bayramı olduğunu, belə nəşrlərin və tədbirlərin əsas məqsədinin, cəmiyyətin diqqətini kitaba, ciddi ədəbiyyata yönəldilməsi olduğunu bildirib.

İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Xose Luis Diez öz çıxışında yazıçının ispandilli ədəbiyyatda tutduğu mövqedən, Delibesin yazıçı bioqrafiyasından, həmçinin əsərlərinin bədii məziyyətindən söz açaraq, İspaniyanın bu məşdur ədibinə, eləcə ispandilli ədəbiyyata göstərilən diqqətə və marağa görə Tərcümə Mərkəzinə öz təşəkkürünü bildirib. Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva ölkələrin yaxınlaşmasında mədəniyyətlərin əhəmiyyətli rolundan danışaraq, Migel Delibesin Azərbaycan dilində işıq üzü görmüş kitabını Mərkəzin bu istiqamətdə növbəti uğuru kimi dəyərləndirib.

Daha sonra kitabı dilimizə çevirən yazıçı-tərcüməçi Saday Budaqlı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Dillər Universitetinin İspan dili kafedrasının müdiri Aynur Quliyeva, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov nəşrin əhəmiyyətindən, Mərkəzin bu sahədə əldə etdiyi uğurlardan söz açaraq, belə nəşrlərin mədəniyyətlərarası əlaqələrin qurulmasında böyük önəm kəsb etdiyindən danışıblar.

Qeyd edək ki, M.Delibes məşhur “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Sərsəm” (1953), “Qırmızı yarpaq” (1959), “Beş saat Mario ilə birlikdə” (1966), “Altmış yaşlı həyat aşiqinin məktubları” (1983), eləcə də digər romanlarının müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti