...

400-ə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq xaricə müalicəyə göndərilib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2016 15:57 (UTC +04:00)
Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ölkəmizdə əlilliyi olan şəxslər üçün yaradılmış müasir reabilitasiya şəraiti ilə tanış olublar.
400-ə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq xaricə müalicəyə göndərilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti Devid Yevangelista və Komitənin inkişaf üzrə direktoru Kşiştof Krukovski səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, burada əlilliyi olan şəxslər üçün müasir tələblər səviyyəsində yaradılmış reabilitasiya şəraiti ilə tanış olublar.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bildirilib ki, ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı aparılan fəal dövlət siyasətinin mühüm bir istiqaməti həmin şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyasına, səmərəli bərpa-müalicə sistemi ilə təmin olunmasına yönəlib. Ötən ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi də ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlərdən biridir.

Qeyd olunub ki, mərkəz 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində Cənubi Qafqaz regionunda analoqu olmayan tibbi-sosial reabilitasiya şəraitinin yaradıldığı nümunəvi bir müəssisədir. İl ərzində mərkəzdə 1700 nəfərə yaxın əlilliyi olan şəxs ən müasir tibbi-fizioterapevtik aparatlarla, səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti ilə təmin edilirlər. Diqqətə çatdırılıb ki, hazırda ƏƏSMN-nin ölkənin bütün ərazisini əhatə edən 15 bərpa müalicə müəssisəsi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xidmətindədir. Reabilitasiya tədbirlərinin davamı kimi, cari ilin 10 ayında həmin müəssisələrdə 19,4 min nəfərdən çox şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib, onlara 28,7 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Bununla bərabər, ötən il və cari ildə 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib.

Əlilliyi olan şəxslərin peşə reabilitasiyası barədə də məlumat verilib. Üç il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində bu dövrdə 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gəncin peşə hazırlığının həyata keçirildiyi, hazırda Bakıda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin də inşa etdirildiyi diqqətə çatdırılıb.

Qonaqlar mərkəzin fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələrinin fəaliyyəti, müasir avadanlıq və qurğularla təchiz edilmiş böyük idman zalı, əlavə məşğələ otaqları ilə yaxından tanış olublar. Onlar parafin vannaları, hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarko sirkulyator, müalicə otaqları və fitobar, müasir fizioterapiya və kineterapiya aparatları, habelə müalicəvi bədən tərbiyəsi vasitəsilə aparılan reabilitasiya prosesini izləyiblər.

D.Yevangelista ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması yönündə aparılan işlərlə bağlı müsbət təəssüratlara malik olduğunu, Azərbaycanda müasir tələblər səviyyəsində yaradılmış reabilitasiya şəraitindən məmnun qaldığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti