Bakı. Trend:
Bakı Dövlət Universitetində (BDU) 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü idə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaradıb. Bu gün Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında aktivlik nümayiş etdirir.
Tədbirdə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayilov bildirib ki, dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.
Prezident Administrasiyası İctimai-Siyasi Məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun çıxışlarından sonra Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilmiş “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsi tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə keçirilir.
Sonda rektor, akademik Abel Məhərrəmov “İlin ən yaxşı tələbəsi” adını qazanmış tələbələri təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib.
Tədbir bədii hissə ilə yekunlaşıb.