...

Fan-klubun rəhbəri: Azərbaycanda gimnastika yarışlarına maraq getdikcə artır

Cəmiyyət Materials 19 Fevral 2017 16:55 (UTC +04:00)
Azərbaycanda insanlar arasında gimnastika yarışlarına maraq getdikcə artır
Fan-klubun rəhbəri: Azərbaycanda gimnastika yarışlarına maraq getdikcə artır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi yarışlar sanki bir idman bayramı formasında keçirilir. Bunu Trend-ə Federasiyanın fan-klubunun rəhbəri Mehman Əliyev deyib.

O bildirib ki, fan-klubun üzvləri bütün yarışlarda böyük həvəslə iştirak edir və idmançılarımıza böyük dəstək göstərirlər: “İdmançılarımız çıxış edərkən klubumuzun üzvləri öz sevinclərini, həyəcanlarını alqışlarla ifadə edirlər. Əlbəttə, klubumuz digər ölkələrin komandalarına da azarkeşlik edir, bəyəndikləri idmançıları alqışlayırlar”.

M.Əliyev vurğulayıb ki, Azərbaycanda insanlar arasında gimnastika yarışlarına maraq getdikcə artır: “Belə yarışların keçirilməsinin məqsədlərindən biri də gimnastikanı Azərbaycan xalqına tanıtmaqdır. Tam əminliklə deyə bilərəm ki, insanlar artıq gimnastikanı tanıyır və böyük maraq göstərirlər. Gimnastikanın hər bir növü üzrə keçirilən yarışlara həvəslə gəlib tamaşa edirlər, idmançılarımıza dəstək olurlar, onlarla birlikdə həyəcanlanırlar, sevinirlər. Bu da bizim məqsədlərimizdən biri idi”.

Fan-klubun rəhbəri qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının keçirdiyi yarışlar digər beynəlxalq yarışlardan fərqlənir: “Mən başqa beynəlxalq yarışlarda da iştirak edirəm. Azərbaycan Gimnastika Federasiyasının keçirdiyi yarışlar, demək olar, hamısından yüksək səviyyədə təşkil olunur. Yarışın təşkilatçılığından tutmuş, şou xarakterli olması, başqa nüanslarından da deyə bilərəm ki, digər beynəlxalq yarışları üstələyir”.

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında 15 ölkədən 85 gimnastın iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib.

Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti