...

Azad Rəhimov: Bakıda keçirilən Dünya Kuboku Azərbaycanda bədii gimnastikanın inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq

Cəmiyyət Materials 28 Aprel 2017 16:46 (UTC +04:00)
Bakıda keçirilən Dünya Kuboku Azərbaycanda bədii gimnastikanın inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq.
Azad Rəhimov: Bakıda keçirilən Dünya Kuboku Azərbaycanda bədii gimnastikanın inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçirilən Dünya Kuboku Azərbaycanda bədii gimnastikanın inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib: "Bu gün ölkəmizdə təşkil edilən növbəti mötəbər bir yarışın - bədii gimnastika üzrə Dünya Kubokunun bütün iştirakçılarını Azərbaycan torpağında səmimi qəlbdən salamlayır və ən xoş arzularımı bildirirəm. İlk növbədə qeyd etmək istəyirəm ki, bu il - qısa zaman ərzində batut, tamblinq və idman gimnastikası üzrə Dünya kuboklarının həyacanını yaşamışıq, bu gün isə bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start verilir".

A.Rəhimov Azərbaycanın 25 ildən artıqdır ki müstəqil dövlət kimi yaşadığını vurğulayıb:

"Azərbaycan dünyanın idman xəritəsində son 25 ildə bütün əzəməti ilə görünüb, məhz müstəqil olduğu dövrdə öz sözünü deməyə, dünyada tanınan idman ölkəsinə çevrilməyə başlayıb. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, ilk növbədə, bu sahəyə göstərilən yüksək dövlət qayğısı ilə bağlıdır. Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində böyük nailiyyətlərə çata bilib. Onların arasında yeni idman infrastrukturunun yaradılması xüsusi yer tutur. Vaxtilə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, Milli Olimpiya Komitəsinin təşəbbüsü kimi yaranmış bu proqram ölkə üzrə geniş vüsət alıb. Artıq ölkəmizdə 40-dan çox Olimpiya idman kompleksi fəaliyyət göstərir. Yeni idman qurğuları, həmçinin ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkili üçün də lazımi şəraiti təmin edir. Odur ki, beynəlxalq idman tədbirlərini ölkəmizdə təşkil etmək bir ənənə halını alıb".

Nazir bildirib ki, ötən dövr ərzində Azərbaycanda təşkil edilmiş beynəlxalq səviyyəli yarışların sayı artıq yüzlərlə ölçülür və ilbəil artır:

"Şübhəsiz ki, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər bir daha sübüt edir ki, Azərbaycan idman ölkəsidir. Ölkəmizdə bu sahə hər zaman dövlətin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub. Əlbəttə ki, Azərbaycan idmanının belə yüksəlişi dünya ictimaiyyətinin də marağına səbəb olur. İdman xalqlar arasında dostluğa, qardaşlığa, qarşılıqlı anlaşmaya yardım göstərən vasitələrdən biri olmaqla yanaşı, ədalətli mübarizəni, sağlam həyat tərzini təbliğ edir, insanın fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Beynəlxalq səviyyəli idman yarışlarının təşkili və keçirilməsi bu baxımdan müstəsna əhəmiyyət kəsb edir".

A.Rəhimov deyib ki, ölkəmizdə təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilmiş I Avropa Oyunları, Ümümdünya Şahmat Olimpiadası, futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı, “Formula-1” Avropa Qran-Pri yarışı, dünya və Avropa çempionatları və digər beynəlxalq turnirlər Azərbaycanın bu sahədəki perspektivlərini açıqlamaqla yanaşı, vətənimizin beynəlxalq aləmdə tanınması və təbliği baxımından da böyük əhəmiyyət kəsb edir:

"Bu yarışların ölkəmizdə keçirilməsindən müəyyən vaxt keçsə belə, idman ictimaiyyəti xatirələrini bölüşür, beynəlxalq idman qurumları isə belə yüksək göstəriciləri əsas götürərək mütəmadi olaraq idman tədbirlərinin vətənimizdə keçirilməsinə etimad göstərirlər. Bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. 2017-ci ildə IV islam Həmrəyliyi Oyunlarına ev sahibliyinin ölkəmizə verilməsi də bunun sübutudur. Əminəm ki, bu yarışların da yüksək səviyyədə keçirilməsinə nail olacağıq".

Gənclər və idman naziri qeyd edib ki, bədii gimnastika dünyada, o cümlədən ölkəmizdə çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür:

"Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın Birinci xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra gimnastika idman növlərinə, o cümlədən bədii gimnastikaya diqqət və maraq xeyli artıb və bütün tədbirlər yüksək səviyyədə təşkil olunur və idman bayramına çevrilir. Əminəm ki, bu yarış da gimnastlarımızın idman ustalıqlarının yüksəlməsində, idman növünə marağın daha da artmasında və bu növün sonrakı inkişafında əhəmiyyətli rol oynayacaq.

Fürsətdən istifadə edib, Azərbaycan idmanına göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığımı bildirirəm. Belə mötəbər yarışların respublikamızda keçirilməsinə etimad göstərdiklərinə görə Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkür edirəm".

A.Rəhimov bildirib ki, dünyanın 20 ölkəsinin idmançılarının qatıldığı bu yarış şübhəsiz ki, Azərbaycanda bədii gimnastikanın inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq, idmançılarımızın təcrübə toplamalarına münbit şərait yaradacaq:

"Əminəm ki, yarışları izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də bu tədbir unudulmaz hadisə kimi yaddaşlarda qalacaq. Bir daha dünya kubokunun iştirakçılarını qədim Azərbaycan torpağında salamlayıram və hər bir idmançıya layiqli mübarizə aparmağı və qələbə əldə etməyi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti