...

UNEC-də konfrans: "Milli qurtuluşa aparan yol" (FOTO)

Cəmiyyət Materials 13 İyun 2017 18:18 (UTC +04:00)

Bakı. Trend:

Bu gün UNEC-də Milli Qurutuluş Gününə həsr edilən “Milli Qurtuluş Azərbaycanın xilas tarixidir” adlı konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, konfransdan öncə UNEC kollektivi və YAP-a yeni üzv olan tələbələr Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, onun xatirəsini ehtiramla yad ediblər. Sonra UNEC-in foyesində ucaldılan Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Azərbaycan dövlət himni səsləndirildikdən sonra UNEC-in professor-müəllim heyətinin Ulu öndərlə bağlı xatirələrinin əks edildiyi videorolik nümayiş etdirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov Milli Qurtuluş Gününün milli məfkurəmizdəki yerindən və mövqeyindən bəhs edib. Bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını parçalanmadan, vətəndaş müharibəsindən, ümumilikdə isə, dövlətçilik prinsiplərini birdəfəlik yox olma təhlükəsindən xilas edib.

Ulu öndərin həyata keçirdiyi strategiyanın Prezident İlham Əliev tərəfindən uğurla davam etdirildiyini bildirən rektor bu günkü Azərbaycanın stabil, dinamik inkişafından söz açıb. Azərbaycan iqtisadiyyatı və təhsilində qazanılan nailiyyətlərdən danışıb. Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə Azərbaycan Dövlət İqtisad Universiteti qarşısına qoyduğu vəzifələrə diqqət çəkən rektor, bu gün Ulu öndərin tövsiyələrinin uğurla icra edildiyini bildirib: “Ulu öndərin qarşımıza qoyduğu vəzifələri fəaliyyətimizin prioritet istiqmətləri olaraq müəyyən etmişik. Bu vəzifəni yerinə yetirmək üçün hər gün daha çox çalışar, Ümumilli liderin ümidlərini layiqincə doğrultmağı özümüzə şərəf bilirik”.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan xalqının tarixində ən parlaq səhifələrdən olan Milli Qurtuluş Günü müasir tariximizin yeni bir nümunəsidir. Ulu öndər Heydər Əliyev məhz bu tarixdə xalqın böyük sevgisi və əhatəsi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanın düşmüş olduğu bəlalardan xilas edib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

E.Əzizov çıxışında UNEC-də həyata keçirilən yeniliklərdən də söz açıb. Son illər universitetdə bir-birindən uğurlu layihələrin icra edildiyini bildirərək qeyd edib ki, artıq təşəbbüslər UNEC-də normala çevrilib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı bu münasəbətlə UNEC rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür edib.

Sonra YAP sıralarına qəbul olunan 100 UNEC əməkdaşı və tələbəsinə üzvlük vəsiqələri təqdim edilib. 100 əməkdaş və tələbənin isə partiya sıralarına qəbul olunmaq üçün müraciətləri təmin edilib.

Tədbir UNEC Yaradıcılıq Mərkəzi üzvlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti