Bakı. Trend:
"British Council" Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və turizm sənayesi ilə birgə turizm-xidmət sahəsində kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübəyə əsaslanan pilot proqram həyata keçirib.
Təşkilatdan Trend-ə verilən məlumata görə, bir il müddətində keçirilən pilot proqramın nəticəsi olaraq proqramda təhsil alan şagirdlərin bir çoxu artıq otellərdən iş təklifləri alıblar. Pilot proqram uğurla tamamlanıb və proqramın məzunları sertifikatlarla təltif ediliblər.
İyunun 19-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində proqramın yekununa dair sertifikat təltif etmə mərasimi keçirilib. Tədbirdə British Council-ın ölkə üzrə direktoru Elizabet Vayt, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fikrət Nəbiyev, tərəfdaş otellərin direktorları, təlimçilər və tələbələr iştirak ediblər.
Proqram Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində həyata keçirilib və Aşpaz, Oteldə Konsiyerj və Təsərrüfat İşləri üzrə ixtisasları əhatə edib. Proqramın iştirakçıları Birləşmiş Krallığın People 1st təşkilatı tərəfindən hazırlanan, təlimçilər tərəfindən keçirilən bir illik intensiv tədris proqramında və otellərdə iş üzrə təcrübə proqramında iştirak ediblər.
Mehmanxana İnzibatçılığı üzrə Kadrların Təkmilləşdirilməsi üzrə pilot proqram 2016-cı ildə British Council tərəfindən Peşə Təhsili Agentliyi və Azərbaycanın 5 ulduzlu otellərinin birgə əməkdaşlığı ilə hazırlanıb. Proqram çərçivəsində Birləşmiş Krallığın People 1st təşkilatı tərəfindən Oteldə Konsiyerj, Təsərrüfat İşləri üzrə Nəzarətçi və Aşpaz ixtisasları üzrə yeni tədris materiaları hazırlanıb.
Sənaye üzrə təcrübə proqramları turizm sektorunun davamlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda turizm sektorunun aparıcı otelləri proqramın həyata keçirilməsinə dəstək göstəriblər: Absheron Otellər Qrupu, JW Marriott, Four Seasons, Hyatt Regency, Fairmont, Hilton, PULLMAN və Gilan Turizm qrupu otelləri. Otellər şagirdləri proqramın ilk günlərindən etibarən iş üzrə təcürbəyə cəlb edilməsinə razılıq verib və şagirdlər bu tipli təcrübəni proqramın ən dəyərli və həvəsləndirici hissəsi olduğunu qeyd ediblər.
Proqramın nəticəsi olaraq Azərbaycanda aidiyyatı sahə üzrə yüksək motivasiyalı təlimçilər hazırlanıb və proqramı uğurla bitirən məzunlar turizm sahəsində karyeralarına başlamağa hazırdırlar. Peşə Təhsili üzrə Dövlət Agentliyi və otellər ilə birgə razılaşmaya əsasən proqramın Bakıda və Azərbaycanın digər regionlarında turizm üzrə ixtisaslaşmış peşə təhsili müəssisələrinə tətbiq edilməsi nəzərdə tutulur.
British Council Azərbaycan fürsətdən istifadə edib Peşə Təhsili üzrə Dövlət Agentliyi və tərəfdaş otellərə dərin təşəkkürlərini bildirir.
British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Birləşmiş Krallığın mədəniyyət üzrə resurslarından istifadə etməklə Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verir - imkanlar yaratmaqla insanların həyatlarını dəyişir, əlaqələr qurur və inam yaradırıq.
Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Hər il 20 milyondan çox insana üz-üzə və 500 milyondan çox insana onlayn, televiziya və nəşrlər vasitəsilə xidmət göstəririk.
Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Gəlirlərimizin böyük hissəsi ingilis dili tədrisi və imtahanlar üzrə müxtəlif layihə və müqavilələr, təhsil və inkişaf müqavilələri, eləcə də dövlət və özəl təşkilatlara əməkdaşlıq vasitəsilə əldə olunur. Maliyyəmizin on səkkiz faizi Birləşmiş Krallıq hökuməti tərəfindən təmin edilir.