...

"British Council" turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi proqramını regionlarda da həyata keçirəcək

Cəmiyyət Materials 31 Avqust 2017 18:44 (UTC +04:00)
British Council Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramını Azərbaycanın regionlarında da həyata keçirəcək.
"British Council" turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi proqramını regionlarda da həyata keçirəcək

Bakı. Trend:

British Council turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramını Azərbaycanın regionlarında da həyata keçirəcək.

Təşkilatdan Trend-ə verilən məlumata görə, British Council Peşə Təhsili üzrə Dövlət Agentliyi və 5 ulduzlu otellər ilə birgə həyata keçirdiyi Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramını genişləndirərək Gəncə və Qəbələ şəhərlərində də həyata keçirəcək. Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun müvafiq kurrikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsinə imkan yaratmaqdır. Layihə çərçivəsində 5-8 sentyabr, 2017-ci il tarixlərində 22 müəllimin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçiriləcəkdir.

Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı 2016-cı ildən etibarən British Council, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakının aparıcı 5 ulduzlu otelləri ilə birdə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Keçən ilin təcrübəsinə əsasən Birləşmiş Krallığın People 1st təşkilatı tərəfindən hazırlanmış və üç ixtisası (Oteldə Konsiyerj, Aşpaz, Mehmanxananada təsərrüfat işləri üzrə nəzarətçi) əhatə edən tədris proqramları yenilənmişdir və bir illik proqramın məzunlarının 50%-i artıq təcrübə keçdikləri otellərdə işlə təmin olunmuşdur.

Böyük Britaniyadan dəvət olunmuş People 1st təşkilatının təlimçisi Jeyn Norman, 5-8 sentyabr 2017-ci il tarixlərində müəllimlərə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçirəcəkdir. Təlimdə iştirak edən müəllimlər tərəfindən 2017/2018 akademik tədris ilində layihə çərçivəsində tərtib olunmuş kurrikuluma uyğun proqramlar tədris ediləcəkdir.

Tədris proqramı Bakı, Gəncə və Qəbələdə yerləşən turizmə dair ixtisaslar tədris olunan peşə təhsili müəssisələrində keçiriləcəkdir və şagirdlər paralel olaraq otellərdə iş üzrə təcrübədə iştirak edəcəklər.

Proqramı uğurla tamamlayan şagirdlər ilin sonunda təcrübə keçdikləri otellər tərəfindən işə düzəlmə üçün müsahibələrə cəlb olunacaqlar.

British Council Azərbaycan fürsətdən istifadə edib Peşə Təhsili üzrə Dövlət Agentliyi və tərəfdaş otellərə dərin təşəkkürlərini bildirir.

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Təşkilat Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradır. Birləşmiş Krallığın mədəniyyət üzrə resurslarından istifadə etməklə Birləşmiş Krallığa və birgə çalışdığı ölkələrə müsbət töhfələr verir - imkanlar yaratmaqla insanların həyatlarını dəyişir, əlaqələr qurur və inam yaradır.

Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Hər il 20 milyondan çox insana üz-üzə və 500 milyondan çox insana onlayn, televiziya və nəşrlər vasitəsilə xidmət göstəririk.

Təşkilat1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumudur. Gəlirlərinin böyük hissəsi ingilis dili tədrisi və imtahanlar üzrə müxtəlif layihə və müqavilələr, təhsil və inkişaf müqavilələri, eləcə də dövlət və özəl təşkilatlara əməkdaşlıq vasitəsilə əldə olunur. Maliyyəsinin on səkkiz faizi Birləşmiş Krallıq hökuməti tərəfindən təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti