...

BDU-da Qoşqar Əliyevin 100 illik yubileyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2017 18:20 (UTC +04:00)
AMEA-nın müxbir üzvü, fizi­ka-riyaziyyat elm­lər doktoru, professor Qoşqar Əh­mə­do­vun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
BDU-da Qoşqar Əliyevin 100 illik yubileyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, tanınmış ictimai xadim, elm və təhsil təşkilatçısı, Diferensial və inteqral tən­liklər kafedrasının yaradıcısı, AMEA-nın müxbir üzvü, fizi­ka-riyaziyyat elm­lər doktoru, professor Qoşqar Əh­mə­do­vun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

BDU-dan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Qoşqar Əhmədov universitetin tari­xin­də xüsusi rol oynamış görkəmli ziyalılardan, Azər­bay­can riyaziyyat el­min­də məktəb yaradan, özündən sonra dərin iz qoyan nadir şəx­siy­yə­t­lərdən biri olub. Onun fəaliyyəti nəticəsində Respublikamızda «Optimal idarəetmə» mək­­təbinin yarandığını deyən rektor, keçmiş sovetlər birliyində optimal idarəetmə sahə­sində ilk el­mi konfransın Bakıda bilavasitə Qoşqar Əhmədovun rəh­bərliyi altında keçi­ril­diyini, hazırda bu məktəbin nümayəndələrinin keç­miş ittifaqın müxtəlif elmi mək­təb­lərində tanınmış mütəxəssislər oluğunu diqqətə çatdırıb. A.Məhərrəmov onu da bildirib ki, Qoşqar Əhmədovun fəaliyyətinin ən mühüm sahələrindən biri onun pe­da­qoji fəa­liyyətidir. O, böyük alim olmaqla yanaşı, həm də gözəl pe­daqoq idi, böyük usta­lıqla və yüksək elmi səviyyədə adi diferensial tən­liklər, variasiya hesabı və opti­mallaşdırılma üsülları fənlərindən, di­gər əsas və xüsusi kurslardan mü­ha­zirələr oxuyurdu.

“Görkəmli alim Qoşqar Əhəmədovun elmi-pedaqoji fəaliyyəti haqqında” məruzə ilə çıxış edən Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov bildirib ki, Qoşqar müəllim 1917-ci il oktyabrın 25-də Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ai­lə­sində anadan ol­ub. 1935-1936-cı tədris ilində Bakı Dövlət Universitetinin hazırlıq şöbəsində oxuyub, 1936-­cı ildə uni­ver­si­tetin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə da­xil olub, Sta­­lin təqaüdü ilə oxuyub, 1941-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1946-cı ildə aspiranturaya daxil ol­an Qoşqar Əhmədov bu ildən elmi fəa­liy­yətə başlayıb və qeyri-xətti in­teqral tənliklərin, inteqro-dife­ren­sial və operator tənliklərin həllərinin var­lığı, yeganəliyi və həllin bu­daq­lan­ma­sı problemləri üzərində işlə­yib. 1946-cı ildən Bakı Döv­lət Uni­versitetində assistent, dosent, 1961-ci ildən isə professor işlə­yən Qoşqar müəllim 1958-ci ildən ömrünün sonuna qədər Di­fe­rensial və inteqral tən­­liklər kafedrasının müdiri olub, 1970-1972-ci illərdə Mexanika-Riyaziyyat fa­kül­təsinin dekanı işləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Qoşqar Əhmədov böyük alim və müəllim kimi” mövzusunda məruzə edib. Bildirib ki, Qoşqar müəllim böyük alim olmaqla yanaşı, həm də gözəl pe­daqoq idi, böyük usta­lıqla və yüksək elmi səviyyədə adi diferensial tən­liklər, variasiya hesabı və opti­mallaşdırılma üsülları fənlərindən, di­gər əsas və xüsusi kurslardan mü­ha­zirələr oxuyurdu. 70-dən çox elmi əsə­rin müəllifi olan unudulmaz müəllimin rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dis­ser­ta­siyaları müdafiə olunmuşdu.

Sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Nicad Əliyev, BDU-nun kafedra müdirləri, akademik Yusif Məmmədov və akademik Vasif Babazadə, ailə adından isə Qoşqar Əhmədovun bacısı Gülarə Əhmədova çıxış ediblər.

Elmi konfrans işini 8 bölmədə davam etdirib. Respublika ali təhsil müəssisələrindən, AMEA-nın institutlarından, o cümlədən Türkiyə, İran, Qırğızıstan, Özbəkistan Respublikalarından daxil olmuş 180 məruzə dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti