...

Sürixdə Bakının "EXPO 2025" sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı təqdimat keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2017 07:14 (UTC +04:00)
Sürix şəhərində İsveçrə-MDB Birgə Ticarət Palatasının təşkilatçılığı ilə “Cənubi Qafqaz bazarları – MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda biznes forum təşkil olunub
Sürixdə Bakının "EXPO 2025" sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı təqdimat keçirilib (FOTO)

Bakı. Trend:

Sürix şəhərində İsveçrə-MDB Birgə Ticarət Palatasının təşkilatçılığı ilə “Cənubi Qafqaz bazarları – MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda biznes forum təşkil olunub.

Azərbaycanın İsveçrədə ki səfirliyindən Trend-ə verilən məlumata görə, biznes forumda ölkələrinin siyasi qərarına təsir etmək imkanı olan İsveçrənin bir çox aparıcı şirkətləri, eləcə də dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova Bakı şəhərinin Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə tədbir iştirakçılarına ətraflı təqdimat edib.

Səfir Xanım İbrahimova Azərbaycanın müstəqillikdən sonra keçdiyi inkişaf yolu, xüsusilə son dövrlər əldə etdiyi yüksək nailiyyətlər, hökumətin iqtisadiyyatın bütün sahələrində icrasına başladığı yol xəritələri, eyni zamanda, respublikamızın beynəlxalq səhnədə artan nüfuzu və bu xüsusda ölkəmizdə keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlər barədə məlumat vermişdir.

Azərbaycan Respublikasının Ümumdünya EXPO 2025 sərgisinin təşkilinə Bakı şəhərinin namizədliyini irəli sürdüyünü qeyd edən səfir ölkəmizin EXPO 2025 üçün seçdiyi mövzunun – “İnsan kapitalının inkişafı”nın unikal, maraqlı və dövrümüz üçün çox aktual olduğunu qeyd edərək, İsveçrənin də özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini vurğulamış və forumda iştirak edən İsveçrə şirkətlərini Bakının namizədliyinə dəstək verməyə çağırmışdır.

O, forum iştirakçılarının diqqətinə çatdırmışdır ki, Ümumdünya EXPO 2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi EXPO sərgilərinin coğrafiyasını həm ziyarətçi, həm də ev sahibliyi edən ölkələr baxımından genişləndirəcəkdir. Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir, son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırmışdır.

Səfir X.İbrahimova Ümumdünya EXPO 2025 sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin də mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulamışdır.

Biznes forum çərçivəsində həmçinin, çıxış edən şirkətlər arasında Azərbaycanda fəaliyyət göstərən “LafargeHolcim” şirkətinin nümayəndəsi Pyer Deleplank və “ABB” şirkətinin nümayəndəsi İqor Almazov öz təqdimatlarında təmsil etdikləri şirkətlərin tarixindən, Azərbaycandakı fəaliyyətindən, şirkətlərinin gördüyü işlərdən danışmışlar. Onlar Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə öz təqdimatlarında geniş şəkildə yer ayırmış, xarici investorlar üçün ölkəmizdə gözəl mühitin olduğunu vurğulamışlar.

Tədbir zamanı bölgəmizdə fəaliyyət göstərən digər İsveçrə şirkətlərinin nümayəndələri də təqdimat etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti