...

Azərbaycan Ordusunun sifarişi ilə 1730 sürücü, 228 aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanıb (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2017 09:48 (UTC +04:00)
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilin yekunları ilə bağlı hesabat müşavirəsi keçirib.
Azərbaycan Ordusunun sifarişi ilə 1730 sürücü, 228 aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilin yekunları ilə bağlı hesabat müşavirəsi keçirib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və ordumuzun əsas hərəkətverici qüvvəsi sayılan xüsusi hərbi ixtisaslı mütəxəssislərin və peşəkar hərbçi kadrlarının hazırlığı işini ön plana çəkib. Buna görə də Cəmiyyət digər illərdə olduğu kimi, qarşıya qoyulan vəzifələrin layiqli icrası üçün 2017-ci ildə də məsuliyyətlə çalışıb.

Ş.Əliyev deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar, Azərbaycan Ordusunun sifarişi əsasında hesabat ilində 1730 nəfər çağırışçı sürücü, 228 nəfər aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanaraq xüsusi hərbi ixtisaskeçmə haqqında sertifikatla təmin edilib, təyinatı üzrə xidmət yerlərinə göndərilib. Bundan əlavə, təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 31 043 nəfər vətəndaş müxtəlif kateqoriyalar üzrə sürücü kadr kimi hazırlanıb ki, bu da ötən illə müqayisədə 14 faiz, yəni 3737 nəfər artıqdır.

Daha sonra Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin fəaliyyətini yaxından izlədiyini deyib. Çıxışının sonunda C.Xəlilov Cəmiyyət sədri Şahvələd Əliyevə və bir qrup əməkdaşa təşkilatın "General Cəmşid Naxşıvanski yubiley medalı"nı təqdim edib.

Sonda 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər açıqlanıb.

Xatırladaq ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti